Gürcüstanda seçki sonrası vəziyyət gərgin olaraq qalır
Gürcüstanda parlament seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq prezidentin çağırışı iləı minlərlə insan Tiflisin mərkəzində parlament binası qarşısında aksiya keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, prezident Salome Zurabişvili aksiyada çıxış edərək deyib: “Buradakı hər kəsə demək istəyirəm ki, siz seçkilərdə uduzmadınız, onlar sizin gələcəyinizi oğurlamağa çalışdılar, amma heç kimin buna haqqı yoxdur”. O iddia edib ki, 26 oktyabrda seçkilərin total şəkildə saxtalaşdırılması baş verib: Son seçkilər xüsusi əməliyyat və xalqa qarşı “hibrid müharibə”nin təzahürüdür.
Qeyd edək ki, 26 oktyabrda baş tutan seçkilərdə hakim Gürcü Arzusu təqribən 54 faiz səslə qalib gəlib. Parlamentə düşməyi bacaran 4 müxalif koalisiya və prezident Zurabişvili isə seçkilərin saxtalaşdırıldığını elan edib və nəticələri tanımayıb. Müxalifət Gürcüstanda seçkilərin beynəlxalq seçki administrasiyası tərəfindən keçirilməsini tələb edir və iqtidarla heç bir danışıqlara girmək və ya dialoq aparmaq niyyətində deyil.
Bu arada Avropa İttifaqının 13 ölkəsi bəyanat yayaraq Gürcüstanda 26 oktyabr seçkilərinin ədalətli keçirilmədiyini vurğulayıblar. Bəyanatda deyilir: “Beynəlxalq müşahidəçilər seçki kampaniyası zamanı, eləcə də seçki günü qanun pozuntuları barədə məlumat veriblər. Biz azad və ədalətli seçkilərlə bağlı beynəlxalq standartların bütün pozuntularını pisləyirik. Etirazların dinc şəkildə davam etməsi vacibdir. Seçkilərin ədalətliliyinin pozulması Avropa Birliyinə namizəddən gözlənilən standartlara uyğun gəlmir. Bunlar gürcü xalqının qanuni Avropa istəklərinə xəyanətdir”.
Bəyanatı Çexiya, Danimarka, Almaniya, Estoniya, Finlandiya, Fransa, İrlandiya, Litva, Niderland, Lüksemburq, Polşa, Portuqaliya və İsveçin xarici işlər nazirliklərinin nümayəndələri imzalayıblar. Öz növbəsində ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Tiflisin “antidemokratik” kursdan imtina etməyəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.
Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın Gürcüstan hakimiyyətinin ünvanına səsləndirdiyi təhdidləri neokolonializmlə müqayisə edib.
Xatırladaq ki, Rusiya hökuməti qonşu ölkədə keçirilən seçkiləri qənaətbəxş sayır və radikal müxalifəti məğlubiyyəti ilə barışmağa çağırır.