Sen 26, 2025 17:00 Asia/Baku
  • “Əgər NATO rus təyyarəsini vurarsa, müharibə olacaq”

Rusiyanın Fransadakı səfiri xəbərdarlı edib ki, əgər NATO rus təyyarəsini vurarsa, müharibə olacaq.

Aleksey Meşkov RTL radiosuna müsahibəsində Rusiyanın mümkün reaksiyası barədə suala cavab verərkən bildirib: “Çoxlu sayda təyyarə Rusiyanın hava məkanını pozur; həm təsadüfən, həm də bilərəkdən. Amma heç kim onları vurmur”.

Səfir həmçinin vurğulayıb ki, Avropa Rusiyanın PUA insidentlərinə cəlb olunmasını sübut edən “heç bir dəlil” təqdim etməyib.

Sentyabrın 23-də BMT Baş Assambleyası çərçivəsində Vladimir Zelenski ilə görüş zamanı ABŞ prezidenti Donald Tramp jurnalistlərin sualına cavabında NATO ölkələrinin hava məkanını pozan rus təyyarələrini vurmalı olub-olmadığı barədə suala “bəli” cavabı verib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya hərbi təyyarələrinin digər ölkələrin hava məkanını pozması ilə bağlı iddiaları əsassız və sübutsuz adlandırmışdı.