Türkiyə Avropa Parlamentinin qətnaməsinə reaksiya verib
-
Türkiyə Avropa Parlamentinin qətnaməsinə reaksiya verib
Türkiyə dövlətinin sözçüsü vurğulayıb ki, Ankaranın nöqteyi-nəzərincə, Avropa Parlamentinin Türkiyə barədəki son qətnaməsi etibarsızdır.
Avropa Parlamenti bir qətnamədə Türkiyədən istəyibdir ki, Suriyanın Afrin şəhərindəki hərbi əməliyyatını dayandırsın və qüvvələrini bu məntəqədən çıxarsın.
Türkiyənin baş nazir müavini və bu ölkə dövlətinin sözçüsü Bəkir Bozdağ özünün şəxsi twitter səhifəsində Avropa Parlamentinin Türkiyə barədəki son qətnaməsini etibarsız adlandırıb. O, vurğulayıb: Türkiyə Avropa Parlamentində qətnamənin qəbul edilməsinə görə, terrorizmlə mübarizəsini dayandırmayacaq.
O, deyib: Afrinin terrorçulardan tam şəkildə təmizlənməsinə və regionda dinclik, sabitlik və təhlükəsizliyin təmin edilməsinədək "Zeytun budağı" əməliyyatı davam edəcək.
Cümə axşamı günü Avropa Parlamenti Assambleyasında qəbul olunmuş layihəyə əsasən, Türkiyədən istənilibdir ki, "Zeytun budağı" əməliyyatını tez bir zamanda dayandırsın. Bu qərarda vurğulanıbdır ki, həmin əməliyyat regiondakı mülkilər üçün bir təhdiddir.
Türkiyə ordusunun Afrindəki əməliyyatı cari milad ili yanvarın 20-da başlanıb. Suriyanın xarici işlər nazirliyi Türkiyənin bu hərəkətini Suriyanın ərazi bütövlüyü və suverenliyinin pozulması kimi dəyərləndiribdir.