Ərdoğan: “S-400-ü sınaqdan keçirmək üçün ABŞ-dan icazə alacaq deyildik”
“Bəli biz S-400-lərlə bağlı testləri apardıq. Hər halda buna görə, ABŞ-a müraciət edəcək deyildik”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən belə bildirib.
SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, R.T.Ərdoğan deyib ki, Türkiyə sadəcə S-400 deyil, ağır, orta, yüngül, eləcə də ABŞ-dan alınan silahları da sınaqdan keçirir: “Bundan sonra da eyni şəkildə bunu edəcəyik. Qonşuluqda Yunanıstan S-300-lə nəinki test aparır, bu silahlardan istifadə edir. Bunu Amerika onlardan soruşurmu? Yox. Ona görə ki, bu xüsusilə Rusiyaya aid silah olması onları yəqin ki narahat edir. Amma biz qərarlıyıq və yolumuza bu şəkildə davam edəcəyik”.
Türkiyə Prezidenti eyni zamanda Liviyada atəşkəsin daimi olacağına inanmadığını bildirib: “Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu, gecə saat 00.00 etibarı ilə atəşkəs başlanacaq idi, amma buna əməl edilmədi, Ermənistan pozdu. Ümid edirəm ki, Liviyada belə olmaz”.