Noy 24, 2021 13:25 Asia/Baku
  • Ərdoğan ölkənin milli valyutasını xilas etməyə yol axtarır-TƏHLİL

Türkiyədə yaranmış devalvasiya bu ölkə əhalisini hiddətləndirib, iqtisadçı ekspertlər isə mümkün səbəbləri təsbit etməyə çalışırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə Mərkəzi Bankı keçən ay pul siyasəti faizini 19-dan 18-ə endirdi. Bu qərardan sonra Türk lirəsi sürətlə ucuzlaşmağa doğru getdi. 11 oktyabrda isə rekord ucuzlaşma müşahidə edildi. Həmin gün 1 dollar 9 lirəyə bərabər oldu. Bu, Türk lirəsinin ucuzlaşmasında tarixi rekord sayılırdı, dünən isə yeni bir antirekord qeydə alındı və bir ABŞ dolları 13 türk lirəsinə bərabər olaraq ölkəni çalxaladı.

İqtisadçı ekspertlər bildirirlər ki, Türkiyədə institusional problemlər yaranıb. Bu, Türkiyə Mərkəzi Bankının müstəqilliyi və xarici investorların güvənsizliyi ilə bağlı yaranmış situasiyadan qaynaqlanır. Mərkəzi Bankın müstəqilliyinə son 3 ildə çox ciddi zərbə vurulub. Son 2 ildə Mərkəzi Bankda 3 sədr dəyişdirilib. Ani qərarlar onunla izah olunur ki, mərkəzi bankın bugünkü yanaşmasını qəbul etməyən şəxslər işdən uzaqlaşdırılır. Lakin bu məntiq əsaslı deyil, daha çox diktə əsaslı bir mexanizm formalaşıb.

Əslində dövlətin pul siyasəti əsasında faiz dərəcəsinin endirilməsi türk lirəsinin dəyərini aşağı salır. Mərkəzi Bank inflyasiya yüksəldiyi halda, faizləri aşağı salmışdır. Bu da lirənin sürətlə dəyərsizləşməsini şərtləndirən əsas məsələlərdəndir.

Başqa bir məsələ isə güvənsizlik fonunda ölkədən qaçan xarici investisiyadır. Ölkədən xarici investisiyanın getməsi, valyutanın getməsi deməkdir. Bu proses daxili bazarda valyuta tələbini artırmaqla türk lirəsi üzərində məzənnə təzyiqlərini gücləndirir.

Xatırladaq ki, ötən cümə axşamı Türkiyənin Mərkəzi Bankı uçot dərəcələrini 16%-dən 15%-ə endirmək barədə qərar qəbul edib. Bazar ertəsi isə Türkiyənin Prezidenti Rəcəb Təyyib Ərdoğan televiziya ilə müraciətində bir daha uçot dərəcəsinin azaldılmasını alqışlayıb. Lakin kökumətin bu addımı təlatümlü vəziyyətdə olan bazarı qane etməyib və nəticədə türk lirəsinin dəyərində yeni antirekord baş verib. Bu, son iyirmi ildə Türkiyə valyutasının ən pis göstəricisidir. Cari ilin noyabr ayından bu günə qədər dollara münasibətdə 26,7% ucuzlaşıb.

Türkiyə lirəsinin ucuzlaşması fonunda müxalifət ölkədə növbədənkənar seçkilərin keçirilməsinə çağırıb. Ölkə Prezidenti Ərdoğan bunun olmayacağını deyib.

Onun sözlərinə görə, Türkiyə hökuməti milli valyutanın ucuzlaşması üzündən qiymətlərin artımına imkan verməyəcək.

Ancaq mövcud vəziyyət bunun tam əksini göstərir, hökumətin qiymətlərə müdaxiləsinin müsbət cavab verəcəyinə çox az adam inanır.

Teqlər