Normallaşma prosesi sürətlənir
Türkiyə və Ermənistan nümayəndələri Vyanada görüşəcək
-
Çavuşoğlu
Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində xüsusi nümayəndələr yenidən görüşəcək
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə Xarici İşlər Nazirliyi bu barədə bildirib ki, nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında görüş fevralın 24-də Vyanada keçiriləcək.
2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i isə bu bəyanatı dəstəkləyib. Bunun ardınca Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması üzrə müzakirələr üçün Türkiyə tərəfdən ABŞ-dakı keçmiş səfir Serdar Kılıç, Ermənistan tərəfdən isə parlamentin vitse-spikeri Ruben Rubinyan xüsusi nümayəndə təyin edilib. Onların ilk görüşü yanvarın 14-də Moskvada keçirilib. Tərəflər konstruktiv, siyasiləşməmiş şəkildə dialoq aparmağa, açıq və "kiçik addım"larla asandan çətinə doğru, praktik nəticəyə hesablanmış addımlar atmağa hazır olduqlarını bəyan ediblər. Regionda sabitlik və iqtisadi tərəqqi maraqları, iki ölkə xalqlarının rifahı naminə işləyəcək təmas nöqtəsi axtarışlarını davam etdirmək barədə razılığa gəlinib.
Yeri gəlmişkən bildirək ki, rəsmi diplomatik əlaqələr olmadan belə Türkiyə ilə Ermənistan arasında vətəndaşların gediş-gəlişi və ticarət həyata keçirdi.
Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyan bu haqda bildirib ki, Türkiyə vətəndaşları hər zaman Ermənistanda mülk alıblar və onlar bir çox şirkətlər, habelə daşınmaz əmlak alıblar.
O, qeyd edib ki, Ermənistan iqtisadiyyatı 2021-ci ildən başqa hər zaman Türkiyə üçün açıq olub.
Qeyri-rəsmi təxminlərə əsasən Qarabağın işğalda olduğu illərdə Türkiyənin Ermənistanla illik ticarət dövriyyəsi 600 milyon dollar civarında olub. Hökumət isə Qarabağ münaqişəsi həll olunmadan sərhədlərin bağlı qalacağını bildirib. Deyilənlərə görə, Türkiyənin Ermənistanla ticarəti bütün bu illər ərzində Gürcüstan üzərindən həyata keçirilimişdir.