Çavuşoğlu: S-400-ləri Ukraynaya verməyəcəyik
Türkiyənin xarici işlər naziri bildirib ki, Ankara Rusiyadan aldığı S-400 sistemlərini Ukraynaya verməyəcək.
Mövlud Çavuşoğlu Doha Beynəlxalq Forumunda bəzi amerikalı analitiklərin təklifinə toxunaraq, deyib: "Bu sistemlər Ankaraya təhvil verilib. Bəziləri Türkiyədən S-400 zenit-raket sistemlərini Ukraynaya göndərməsini xahiş edirlər, lakin bundan söhbət gedə bilməz. Biz bunu heç bir şəkildə qiymətləndirməmişik".
Türkiyənin xarici işlər naziri əlavə edib: "Türkiyənin daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı var və əgər onu müttəfiqlərindən ala bilməsə, başqa mənbələrə müraciət edəcək".
Çavuşoğlu, həmçinin Ankaranın Ukrayna ilə Rusiya arasında vasitəçilik səylərini davam etdirəcəyini, lakin yekun qərarı Moskva və Kiyevin verəcəyini qeyd edib və deyib: "Ukrayna NATO-ya üzv ola bilməyəcəyini anlayıb".
Türkiyənin xarici işlər naziri əlavə edib ki, Ukrayna balans siyasəti aparmalıdır.