Avq 12, 2022 11:30 Asia/Baku
  • Çavuşoğlu: Normallaşma üçün müəyyən addımlar atılıb

Türkiyənin xarici işlər naziri bəyan edib ki, onun ölkəsi ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, Mövlud Çavuşoğlu Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından danışaraq, prosesin davam etdiyini və bu istiqamətdə müəyyən addımlar atıldığını bildirib.

Ankarada türk diplomatlarının 13-cü konfransında çıxış edən xarici işlər naziri qeyd edib ki, Ermənistanla münasibətlərin normallaşması prosesi Azərbaycanla razılaşdırılır və bu, Ermənistanda müəyyən narahatlıq doğurur.

"Normallaşma prosesi ikitərəfli olsa da, Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün hamımızın addımlar atmağımız zəruridir", - deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.

Xatırladaq ki, Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılmasına yönəlmiş dialoqa başlamaq üçün xüsusi nümayəndələr təyin ediblər. Ermənistan Milli Assambleyasının vitse-prezidenti Ruben Rubinyan və Türkiyə səfiri Serdar Kılıç ilk dəfə 2022-ci il yanvarın 14-də Moskvada görüşüblər. Rubinyan və Kılıç arasında sonuncu, dördüncü görüş iyulun 1-də Vyanada baş tutub.

Bu arada avqustun 11-də Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan bildirib ki, xüsusi nümayəndələrin növbəti görüşü ilə bağlı razılıq yoxdur.

Bununla belə iyul ayında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubenyan arasında baş tutmuş görüşdə sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılmasına dair razılıq əldə olunub. Bu konteksdə texniki nümayəndələrin müəyyən addımlar atması və yol xəritəsi hazırlaması gözlənilir.

Teqlər