Türkiyədə prezident və parlament seçkiləri keçirildi;
İqtidar istədiyi qədər səs toplaya bilmədi - TƏHLİL
Türkiyə Cümhuriyyətində keçirilən seçkilərdə iqtidar istəyinə nail ola bilməyib, prezident seçkisinin taleyi ikinci turda bəlli olacaq.
Türkiyədə prezident və parlament seçkilərinin nəticəsi elan edilib. Səsvermənin nəticəsindən aydın olub ki, 14 may seçkilərində prezidentliyə nazmizədlərdən heç biri 50 faiz səs toplaya bilməyib və iki həftədən sonra seçkinin ikinci turu keçirilməlidir. İkinci tur mayın 28-də keçiriləcək.
“Reuters” yazır ki, seçki qurularının 97 faizi sayılıb, Ərdoğan 49.42, Kılıcdaroğlıu 44.95 faiz səs yığıb.
Olduqca həyəcanlı şəraitdə keçirilən seçkilərdən sonra Millət İttifaqından namizəd olan CHP lideri Kamal Kılıcdaroğu ikinci turda qalib gələcəyini deyib. O, Ərdoğanın partiyasını səssayma və nəticələrin açıqlanmasına müdaxilədə suçlayıb.
“Erdoğan bütün böhtan və təhqirlərə rəğmən istədiyinə nail ola bilmədi. Bu seçkini ikinci turda mütləq qazanacağıq. Qarşıdakı 15 gündə millətimizə haqqı, qanunu, ədaləti gətirmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Millət İttifaqının namizədi bəyan edib.
Parlament seçkilərinə gəlincə, indiki iqtidarın qanunvericilik orqanında çoxluğu itirməkdə olduğu aydın olur. Belə ki, Cümhur İttifaqı parlament yerlərinin təqribət 49 faizini əldə edə bilib və bu seçki blokundan 317 namizəd deputatlıq mandat qazanıb. Bununla da gələcək məclisdə bu ittifaq digər partiyaların təmsilçiləri və ya müstəqil deputatlarla koalisiya qurmağa məcbur ola bilər.
Partiyaların topladığı hazrıkı səs faizi belədir: AKP – 35,5%, CHP - 25,39%, İYİ Partiyası - 9,75%, MHP - 10,06%, Yenidən Rifah - 2,86% və Yaşıl Sol Partiya - 8,77%
Bu nəticənin ortada olduğuna rəğmən, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının Baş qərargahında etdiyi çıxışında parlamentdə çoxluğun Cümhur İttifaqına aid olduğunu vurğulayıb. O deyib: “Qarşıdakı 5 ildə xalqımıza xidmət etməyə davam edəcəyimizə inanırıq”.
Beləliklə də ötən seçkilərlə müqayisədə Türkiyə iqtidarının gerilədiyi və onun rəqiblərinin qüvvələr balansını dəyişdiyi hiss olunur. Prezident seçkilərinin ikinci turu bu baxımdan həssasdır, Ərdoğan seçki namizədi Sinan Oğan-la razılığa gələ bilməsə, siyasətdən getməli olacaqdır. Təbii ki, Millət İttifaqı daha ciddi imtiyazlarla onu öz tərəfinə cəlb etməyə çalışacaq, birinci turda ikinci yeri tutmuş Kılıçdarğolu buna əmindir.