Sionist rejim casusları Türkiyədə cövlan edirlər
İstanbul məhkəməsi Türkiyədə İsrailə casusluqda şübhəli bilinərək saxlanılan 34 nəfərdən 15-i barəsində həbs qətimkan tədbiri seçib. Bu barədə TRT məlumat yayıb.
Məlumata görə, 26 nəfər məhkəməyə gətirilib. Onlardan 15-i barəsində həbs qətimkan tədbiri seçib, 11 nəfər isə məhkəmə nəzarəti tədbirləri ilə azadlığa buraxılıb.
8 nəfər deportasiya olunmaq üçün miqrasiya orqanlarına təhvil verilib.
Qeyd edək ki, yeni milad ili yanvarın 2-də Türkiyədə İsrail Xarici Kəşfiyyat Xidməti “Mossad”a casusluq etməkdə ittiham olunan 34 nəfər saxlanılıb.
Əməliyyat İstanbul da daxil olmaqla 8 vilayətdə həyata keçirilib. Polisin şübhəlilərin saxlanması istiqamətində əməliyyatı davam edir.
Türkiyə Prezidentinin kommunikasiyalar direktoru Fəxrəddin Altun İsrail rejiminə casusluqda ittiham olunaraq saxlanılanlar barədə prezident Rəcəb Tayyib Ərdoğanın dediklərini sosial mediada paylaşıb: “Bu o deməkdir ki, Türkiyəni tanımırlar. Türkləri tanımırlar. Bizi tanımırlar. Əgər belə bir səhvə əl atırlarsa, bilsinlər ki, bunun bədəli ağır olacaq”.
“Times of İsrael” yazır ki, sionist rejimin xarici işlər nazirliyi həbslər barədə məlumat verməkdən imtina edib.
Ötən ay “Wall Street Journal” qəzeti İsrail rejiminin casusluq orqanlarının Qəzza zolağında silahlı qruplaşma ilə mübarizə aparan zaman Türkiyə də daxil olmaqla, Yaxın Şərqdə HƏMAS liderlərinə sui-qəsd təşkil etmək üzərində işlədiyini yazıb
Bir neçə gün sonra qəsbkar rejimin mediası bildirdi ki, İsrail Qətər, Türkiyə və Livan da daxil olmaqla dünyanın “hər yerində” HƏMAS liderlərini öldürməkdə qərarlıdır.
Ankara buna cavab olaraq İsrailə xəbərdarlıq edib ki, Türkiyə torpaqlarında HƏMAS üzvlərinə sui-qəsd etməyə cəhd etsə, “ciddi nəticələrlə” üzləşəcək.
Türkiyədə terrorçu sionist rejimə işləməkdə şübhəli bilinən 46 nəfərin saxlanılması üçün order verilib. Daha 13 nəfərin axtarışları davam edir.