Türkiyə hökuməti Ankarada törədilən terror aktının qisasını alır
Ərdoğan: Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq
Türkiyə prezidenti Ankarada törədilən terror aktının qisasını alacağını vəd edib.
Rəcəb Təyyib Ərdoğan sosial şəbəkə hesabında yazıb: “TUSAŞ-a qarşı terror aktı millətimizin əmin-amanlığını və müdafiə təşəbbüslərimizi hədəf alan alçaq bir hücumdur. Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq. Təhlükəsizliyimizi hədəfləyən heç bir quruluş, heç bir terror təşkilatı, heç bir şər qüvvə öz məqsədlərinə çata bilməyəcək”.
Qeyd edək ki, oktyabrın 23-də Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasında terror aktı törədilib. Nəticədə 5 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.
Bu arada Türkiyə prezidentinin Kazanda proqramını yarımçıq qoyaraq cümə axşamı səhər Türkiyəyə qayıtdığı bildirilir.
Türkiyə mediası yazır ki, prezidentin oktyabrın 24-də Kazanda planlaşdırılan görüşləri təxirə salınıb.
Digər tərəfdən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər TUSAŞ binasında terror aktının PKK üzvləri tərəfindən həyata keçirildiyini söyləyib.
“Bu PKK alçaqlarına layiq olduqları cəzanı veririk, amma ağıllanmırlar. Həmişə dediklərimi bir daha təkrar edirəm, son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik”, - deyə Y.Gülər vurğulayıb.
Son məlumatlara görə Türkiyə qırıcıları ötən axşam kürd yaraqlılarının İraq və Suriyadakı mövqelərini bombardman ediblər.