Mart 19, 2025 15:23 Asia/Baku
  • İstanbul meri saxlanıldı, CHP bunu çevriliş adlandırdı

Türkiyədə korrupsiyaya qarşı əməliyyat adı altında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və mətbuat müşaviri Murad Ongün saxlanılıb.

Bu məlumata əsasən, İmamoğlu “cinayət təşkilatı yaratmaq”, “PKK ilə birgə hərəkət etmək” və “korrupsiya” cinayətləri ilə ittiham olunur.

Qeyd edək ki, İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunu “yoxluq” və “açıq xəta” səbəbi ilə 18 martda ləğv edib.

Əkrəm İmamoğlunun mənsub olduğu Cümhuriyyət Xalq Pariyası (CHP) ittihamların uydurma olduğunu bildirib.

CHP sədri Özgür Özəl İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin saxlanılmasına münasibət bildirərkən deyib: “Xalqın əvəzinə qərar vermək, xalqın iradəsini dəyişdirmək və ya bunun qarşısını almaq üçün güc tətbiq etmək çevrilişdir. Hazırda xalqın növbəti prezidenti təyin etməsinə mane olacaq qüvvə var”.

Ana müxalifət partiyasının sədri əlavə edib: “Biz növbəti prezidentimizə qarşı çevriliş cəhdi ilə üz-üzəyik. Millətimiz öz dövlətini sevir, amma kimlərsə tərəfindən dövlət xalqın qarşısına çıxsa, xalq buna imkan verməz”.

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri, CHP-çi Mansur Yavaş da partiya yoldaşı Əkrəm İmamoğlunun saxlanılmasına kəskin etiraz edib:

“Bu ölkədə qanunun aliliyini, demokratiyanı və xalqın iradəsini müdafiə edən hər kəs bilməlidir ki, seçilmiş bələdiyyə sədrinə qarşı bu cəhdlər qəbuledilməzdir. Bu mənzərə hüquqi dövlətə yaraşmaz. Həqiqətən ədalət axtarırsansa, ilk növbədə hüququn əsas prinsiplərinə əməl etməlisən. Bilinməlidir ki, millətin iradəsinə zidd heç bir müdaxilə cavabsız qalmır. Qeyri-qanuni üsullarla, təzyiq və təhdidlərlə həyata keçirilən bu təcrübələrdən ən böyük zərəri demokratiyamız görəcək. Amma biz susmayacağıq”, - deyə Ankara meri vurğulayıb.

Qeyd edək ki, əksər müşahidəçilər son həbsləri Türkiyədə ağır iqtisadi böhran və xarici siyasətlə bağlı qarşıdan gələn seçkiləri uduza biləcəyini düşünən hakim partiyanın gedişi kimi qiymətləndirirlər.