Türkiyə lideri qonşularının həssasiyyətini nəzərə almır
Ərdoğanın son fikirləri Azərbaycanda narazılıq yaradıb
Ərdoğanın “Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir” sözləri Azərbaycanda narazılığa səbəb olub.
Jurnalist Asif Nərimanlının axar.az portalı üçün yazdığı məqalədə deyilir: “Çaldıran döyüşündə kimin qalib, kimin məğlub olduğu, Şah İsmayılla Sultan Səlimin münasibətləri və digər tarixi faktlarla bağlı müzakirələrin mənfi nəticəsi ondan ibarətdir ki, Azərbaycan və Türkiyə ictimaiyyəti arasında uçurum dərinləşir”.
Aydın məsələdir ki, bəzi azərbaycanlılar Türkiyədəki siyasi proseslərin və Ərdoğan hökumətinin ideoloji xəttinin Azərbaycana da təsir etməsindən narahatdır. Misal üçün Ərdoğan və AKP hökumətinin Osmanlı ideologiyasına və sözü gedən imperianın dini dəyərlərinə üstünlük verməsi şiəlik mənsubiyyəti olan və ya dünyəvi düşüncəli azərbaycanlılar arasında narahatlıq doğurur.
Eyni zamanda bəzən Türkiyənin regional siyasəti Azərbaycan Respublikasının maraqları ilə tam üst-üstə düşməyə bilər. Bununla əlaqədar rəsmi Ankaranın Azərbaycan-Ermənistan sülhünü və onun şərtlərinin İrəvan tərəfiindən yerinə yetirilməsini gözləmədən qonşu ölkə ilə əlaqələri normallaşdırmaq səyləri zaman-zaman Azərbaycanda narahatlıqla qarşılanıb. Təsadüfi deyil ki, 2020-ci il müharibəsində Türkiyənin Azərbaycana dəstəyi yüksək qiymətləndirilsə də, bəzi insanlar daha konkret və daimi dəstək gözləntilərinin tam qarşılanmadığını düşünür.