Noy 08, 2025 15:07 Asia/Baku
  • HƏMAS 37 sionist rəsmisi barəsində Türkiyədə həbs qərarının çıxarılmasını alqışlayıb

Fələstin İslam Müqavimət Hərəkatı HƏMAS bəyanat yayaraq, İstanbul Baş Prokurorluğu tərəfindən sionist rejimin baş naziri Benyamin Netanyahu da daxil olmaqla 37 sionist rəsmisi barəsində həbs qərarının çıxarılmasını alqışlayıb.

HƏMAS bu bəyanatda bildirib: "İstanbulda Baş prokuror tərəfindən 37 sionist rəsmisi üçün həbs orderləri verilməsini yüksək qiymətləndiririk. Bu addım Türkiyənin məzlum Fələstin xalqına dəstək mövqeyini bir daha təsdiqləyir. Fələstin xalqı müasir tarixdə müharibə cinayətkarları və faşist işğalçı liderlər tərəfindən ən vəhşi soyqırımı ilə üzləşib və üzləşməyə davam edir". 

Hərəkat daha sonra əlavə edib: “Biz bütün dünya ölkələrini və beynəlxalq məhkəmə orqanlarını işğalçı və terrorçu sionist rejimin liderlərini harada olurlarsa-olsunlar hüquqi şəkildə təqib etməyə, onları məhkəməyə verməyə və insanlığa qarşı törətdikləri cinayətlərə görə cavabdeh etməyə və cəzalandırmağa çağırırıq".

İstanbul Baş Prokurorluğu cümə günü Qəzzə zolağında soyqırımda əli olmaqda ittiham edilən 37 sionist rəsmisi barəsində həbs qərarı çıxarıldığını açıqlayıb.

Bu şəxslər arasında sionist rejimin baş naziri Benyamin Netanyahu, keçmiş və hazırkı müharibə naziri Yoav Qallant və Yizrael Katz, həmçinin rejimin Baş Qərargah rəisi Eyal Zamir də var.

Bu şəxslərin Türkiyə ərazisinə daxil olması və ölkənin hava məkanından keçməsi qadağan edilib.

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi də 2024-cü il noyabrın 21-də rejimin baş naziri Benyamin Netanyahu və keçmiş müharibə naziri Yoav Qalant barəsində müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və Qəzzə xalqına qarşı aclıqdan silah kimi istifadə etmək ittihamı ilə həbs qərarı çıxarıb.