Sabah Antaliyada üçtərəfli Türkiyə, İran və Rusiya iclası keçiriləcək
İran İslam Respublikasının xarici işlər naziri sabah üçtərəfli Türkiyə, İran və Rusiya iclasında iştirak etmək məqsədi ilə Türkiyənin Antaliya şəhərinə səfər edəcək.
İRNA-nın məlumatına görə, İran, Türkiyə və Rusiya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif, Mövlud Çavuşoğlu və Sergey Lavrov sabah Antaliyada baş tutacaq bir günlük iclasda Astana müzakirələrinin gedişi ilə bağlı danışıqlar aparmalıdırlar.
Tehran da bu gün Astana müzakirələri ilə bağlı işçi qrupları səviyyəsində üçtərəfli İran, Rusiya və Türkiyə iclasına ev sahibliyi edib.
İran İslam Respublikası, Türkiyə və Rusiya prezidentləri də 22 noyabrda Rusiyanın Soçi şəhərində Suriyanın son durumu ilə bağlı görüşüb, danışıqlar aparacaqlar.
İndiyə kimi Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya böhranı ilə əlaqədar yüksək səviyyəli rəsmilərin iştirakı ilə 7 iclas təşkil edilib. Bu müzakirələrdə Suriya dövləti və silahlı müxaliflərinin nümayəndələri Suriyada atəşkəslə bağlı razılığa gəliblər. İran, Rusiya və Türkiyə isə Suriyada sülhə və atəşkəsə zəmanət verən tərəflər kimi müzakirələrin gedişinə nəzarət edirlər.