Türkiyə millət vəkili hökuməti tənqid etdi
"Türk qoşunlarının Əfqanıstanda olması qanuni deyil"
İstanbulun Türkiyə parlamentindəki nümayəndəsi ölkəsinin qoşunlarının Əfqanıstanda olmasının davam etməsinin qanuni olmadığını bildirib.
SəhərAzəri-nin Mehr Xəbər Agentliyinə istinadən yaydığı məlumatına əsasən, Türkiyənin Əfqanıstanda qalmaq istəyi ABŞ və NATO-nun dəstəyini qazansa da, "Taliban" tərəfinin bu məsələyə qarşı çıxması ilə Ankara hökumətinin qərarı birmənalı qarşılanmayıb.
Ərdoğanın Kabildə Türkiyə hərbçilərinin iştirakı ilə bağlı əsas məqsədləri ilə əlaqədar olaraq Türkiyə Parlamentinin nümayəndəsi, Türkiyə Cümhuriyyət Xalq Partiyasının üzvü Ünal Çeviköz verdiyi açıqlama zamanı bildirib ki, "Taliban" qüvvələrinin Əfqanıstanda türk əsgərlərinin qalmasına qarşı çıxmasına baxmayaraq, Türkiyə hökuməti hələ də Kabil hava limanını nəzarətə götürmək istəyir.
Deputatın sözlərinə görə, Türkiyənin belə bir qərar verməsi bir çox çətinliklər yaradacaq. Çünki türk qoşunlarının Əfqanıstanda olmasının legitimliyi yoxdur. "Taliban", həmçinin türk ordusunun mövcudluğunu işğal hesab edir. Bu vəziyyətin davam etməsi türk əsgərlərini təhlükəyə atacaq. Digər tərəfdən türk qoşunlarının Əfqanıstanda qalması Ankara və Vaşinqtonun problemlərinin həllinə kömək edə bilməz.