Devalvasiya türk xalqını təşvişə salıb
Türkiyə lirəsi növbəti antirekordunu vurdu
Türkiyə lirəsi növbəti antirekordunu vurdu. Devalvasiya türk xalqını təşvişə salıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə valyutası bu gün dollar qarşısında 3%-dən çox zəifləyib və mərkəzi bankın yeni uçot dərəcəsini endirməsi ərəfəsində bir dollar üçün 15 lirəlik psixoloji həddi keçib. Valyuta alqı-satqısı 1 dollar üçün 14,79 lirədən başlayıb və Bakı vaaxtı ilə 09:10-a olan məlumata görə, məzənnə 15,29 lirə ilə tarixi minimuma çatıb.
Ekspertlər Türkiyənin milli valyutasının ucuzlaşmasını bu gün gözlənilən faiz dərəcəsində yeni endirimlə əlaqələndirirlər. Bundan əlavə, bazar ertəsi beynəlxalq reytinq agentliyi S&P Global Ratings (S&P) Türkiyənin "B+" səviyyəsində olan uzunmüddətli suveren xarici valyutada kredit reytinqinin proqnozunu mənfiyə endirib.
ِDekabrın 13-də Türkiyənin əsas həmkarlar ittifaqının çağırışı ilə küçələrə çıxan nümayişçilər şüarlar səsləndirərək, hökuməti vəziyyətə son qoymaq üçün təsirli tədbirlər görməyə çağırıblar.
Müstəqil İnflyasiya Araşdırma Qrupunun araşdırmasına görə, Türkiyədə real illik inflyasiya 58 faizdən çoxdur. Amma Türkiyənin Statistika Mərkəzi daha əvvəl noyabr ayında inflyasiya nisbətini 21,31 faiz elan edib.
Bu mənzərəni daha da pisləşdirən türk lirəsinin ilin əvvəlindən dollara nisbətdə 50 faizdən çox, oktyabrın sonundan isə təxminən 40 faizə yaxın dəyər itirməsidir.
Türk lirəsinin devalvasiyası, inflyasiya və bunun nəticəsində əhalinin yoxsullaşması prezident Rəcəb Təyyib Ərdoğanın reytinqini görünməmiş şəkildə aşağı salıb.