Türkiyə-Ermənistan arasında buzlar əriyir
Cənubi Qafqazda yeni dönəm başlayır...
Türkiyənin liderliyi Ermənistanla problemləri dialoq yolu ilə həll etmək qərarına gəlib.
SəhərAzəri-nin məlumatına əsasən, Londonda çıxan İndependent qəzetinə köşə yazarı Yıldız Deveci Bozkuş-un qələmə aldığı məqalədə deyilir:
Xarici işlər naziri Mövlud Çavuşoğlunun 2021-ci il dekabrın 14-də büdcə müzakirələri zamanı Türkiyə-Ermənistan münasibətləri ilə bağlı açıqlaması iki ölkə arasında münasibətlərdə yeni dövrün başlanğıcına işarə etməsi baxımından önəmli idi. Çünki sərhədlər bağlı olduğu müddətdə 1915-ci il hadisələri iki ölkə arasındakı münasibətlərdə Demokl qılıncı kimi yellənməyə davam edirdi.
Müəllif hesab edir ki, dialoqun olmaması bir çox başqa məsələlərdə olduğu kimi, Türkiyə-Ermənistan münasibətlərində də beynəlxalq ictimaiyyət tərəfindən tez-tez gündəmə gətirilən və tənqid edilən məsələ olub. Hazırda münasibətlər normallaşacağı təqdirdə yaxın günlərdə səfirliyin açıla biləcəyi bildirilsə də, bunun üçün tərəflərin etimadı artırmaq məqsədilə müəyyən addımlar atmalı olduğu vurğulanır. Bu baxımdan Türkiyə-Ermənistan münasibətlərində tarixi dönüş olduğunu söyləmək olar.
Əslində, 1993-cü ildən bəri münasibətlərdə 30 illik fasilədən sonra atılan bu addımlar bütün tərəflər üçün müsbət ab-havanın yaradılması baxımından əhəmiyyətlidir.
Bu inkişaflardan sonra normallaşma prosesində Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə hər iki tərəfə səfirliklərin təyin edilməsi daha bir mühüm addım olacaq. Hazırda təyin olunan xüsusi nümayəndələrin müzakirə edəcəyi məsələlər arasında ilk növbədə normallaşma prosesinin necə izlənəcəyi, daha sonra isə siyasi, hüquqi, iqtisadi və mədəni məsələləri özündə birləşdirən yol xəritəsi olacaq.
Məqalədə deyilir: Normallaşma prosesi keçən 24 apreldə qəbul edilən “soyqırım” qərarı ilə daha da gərginləşən Türkiyə-ABŞ münasibətlərinə də müsbət təsir göstərə bilər.
Digər tərəfdən bu prosesdə Cənubi Qafqazda sülh, əmin-amanlıq və sabitliyin bərqərar olması və qorunub saxlanması bütün region ölkələrinin xeyrinə olacaq və normallaşma hamıya fayda verəcək. Çünki xarici investorların regiona bir çox sahələrdə, xüsusilə nəqliyyat, enerji və infrastruktur sahələrində investisiya qoymasına yol açacaq.