Çavuşoğlunun İsrailə səfərinin pərdəarxası
AK partiyası öz gələcəyini risk altında qoyur - TƏHLİL
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın ölkədəki iqtisadi böhranın yaratdığı çoxsaylı problemlərə son qoymaq üçün göstərdiyi səylər çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlu işğal olunmuş Fələstin torpaqlarına səfər edib.
SəhərAzəri-nin məlumatına əsasən, Çavuşoğlunun İsrail adlanan yerə səfəri zamanı Ankara ilə Təl-Əviv arasında iqtisadi əlaqələrin və siyasi əməkdaşlığın genişləndirilməsi kimi məqsədlər nəzərdə tutulub.
Türkiyənin irqçi İsrail rejimi ilə münasibətlərində illərlə eniş-yoxuş olsa da, iqtisadi və ticarət əlaqələri, eləcə də ikitərəfli təhlükəsizlik əməkdaşlığı heç vaxt dalana dirənməyib. Bu planlaşdırılan səfər ərəfəsində Ərdoğan hökuməti Fələstin vətəndaşlarını ölkədən qovmaqla yanaşı, Türkiyədə yaşayan çoxlu sayda Fələstin liderlərini də ölkədən çıxarıb, Həmasın ofislərini bağlayıb.
Maraqlıdır ki, bundan əvvəl Ankara rəsmiləri, o cümlədən Türkiyə prezidenti sionist rejimin cinayətlərinə qarşı məzlum Fələstin xalqını dəstəklədiklərini dəfələrlə vurğulayıblar. Amma Türkiyədə iqtisadi böhran və maliyyə təzyiqləri gücləndikcə, onlar öz mövqelərindən geri çəkilirlər. Hətta belə söz-söhbət vardır ki, Türkiyə səfirliyinin Qüdsdə açılması istiqamətində ikiqat səylər gündəmdədir.
Türkiyə 1949-cu ildə sionist rejimi tanıyan ilk ölkələrdən biri olub. İki tərəfin iqtisadi, siyasi, hərbi və təhlükəsizlik sahələrində sıx əlaqələrinin genişləndirilməsi o vaxtdan başlayıb və bu gün də davam edir. Hazırda Ərdoğanın fələstinlilərin qovulması və Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Türkiyədəki ofislərinin bağlanması kimi son hərəkətləri məzlum Fələstin xalqına sübut etdi ki, onların Türkiyədə çox az dəstəyi var. Daha doğrusu rəsmi Ankara iqtisadi maraqlarını İslam ümmətinin o cümlədən də məzlum Fələstin xalqının amallarından üstün tutur. Bəlkə də işğalçı rejimə yaxınlaşmaqla Amerikadakı yəhudi lobbi təşkilatlarına mesaj vermiş olur ki, Türkiyə ənənəvi mövqeyinə və əvvəlki dünyəviçi rejimlərin İsrail ilə bağlı siyasətinə qayıdır.
Bu addım ola bilsin ki, AK partiyasının sosial bazasını zərbə altında qoyacaq və 2023-cü il seçkilərini uduzmasına gətirib çıxara bilər. Zira türk ictimaiyyəti birmənalı şəkildə qondarma İsrail rejiminə nifrət edir və hökumətin yürütdüyü siyasət onu qane etməyəcəkdir.