Rəsmi Ankara NATO-nun təzyiqlərinə məhəl qoymur
Çavuşoğlu: Türkiyə İsveçlə Finlandiyaya güzəştə getmək fikrində deyil
Türkiyə XİN rəhbəri bildirib ki, iki Skandinaviya ölkəsi Türkiyənin tələblərinin yerin yetirilməsi üzrə aydın addımlar atmalıdır.
SəhərAzəri-nin məlumatına əsasən, Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə özünün və vətəndaşlarının təhlükəsizliyi məsələsində güzəştə getmək fikrində deyil və İsveçlə Finlandiyanın NATO-ya üzvlük müraciətinə məhz bu mövqedən yanaşır.
Nazir əlavə edib ki, iki Skandinaviya ölkəsi Türkiyənin tələblərinin yerin yetirilməsi üzrə aydın addımlar atmalıdır.
"Ankara Stokholm və Helsinkidən mümkünsüz heç bir şey tələb etmir. Biz sadəcə istəyirik ki, terrorçuların dəstəklənməsi dayandırılsın və bu qanlı təşkilatların Skandinaviya ölkələrindəki tərəfdarlarının fəaliyyəti qadağan edilsin", - deyə Çavuşoğlu qeyd edib.
Xatırladaq ki, Türkiyə sözügedən ölkələrin NATO-ya daxil olmasına etirazını bildirib. Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı İsveç və Finlandiyanın alyansa hansı şərtlər daxilində üzv ola biləcəyini açıqlayıb.
Ərdoğan deyib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını o şərtlə dəstəkləyəcək ki, Helsinki və Stokholm təhlükəsizlik məsələlərində Ankara ilə həmrəy olduqlarını açıq şəkildə bildirsinlər.
O qeyd edib ki, əgər İsveç və Finlandiya əsas məsələlərdə, xüsusən də terrorla mübarizədə mövqelərinin Türkiyəyə bənzədiyini açıq şəkildə nümayiş etdirməsələr, Ankara bu ölkələrin NATO-ya üzvlüyünə müsbət reaksiya verməyəcək.
Ərdoğan bəyanatında vurğulayıb ki, Türkiyə alyansın "açıq qapı siyasətini səmimiyyətlə dəstəkləyir", lakin İsveç və Finlandiyanın üzvlük iddiasının nəticəsi onların Türkiyənin "həyati milli təhlükəsizlik maraqlarına" münasibətindən asılıdır.
Daha əvvəl "Financial Times" məcmuəsi yazıb ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətə baxılması prosesinin başlanmasına mane olub.