Türkiyənin Hürriyyət qəzeti Rubinyan-Kılıç əlaqələrinə dair bəzi məlumatlar yayıb
Tərəflər texniki aspektləri müzakirə etməyə hazırlaşırlar
Türkiyənin “Hürriyyət” qəzeti Ermənistan-Türkiyə münasibətləri prosesinin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın təmasları ilə bağlı bəzi məlumatlar yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə qəzet Türkiyə Xarici İşlər Nazirliyindəki anonim mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, tərəflər 1 dəfə Moskvada, 3 dəfə Vyanada görüşüb, 500-dən artıq telefon danışığı olub.
“Əldə edilən məlumata görə, iki ölkənin Nəqliyyat, ticarət və Xarici işlər nazirliklərinin rəsmiləri normallaşma prosesi çərçivəsində atılan addımların texniki aspektlərini müzakirə etməyə hazırlaşırlar.
Xüsusi nümayəndələr Serdar Kılıçın və Ruben Rubinyanın görüşündən sonra iyul ayında Vyanada iki ölkə arasında birbaşa hava yüklərinin daşınması və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasına dair razılaşma əldə edilib.
Bunun çərçivələrində təşəbbüs olunan addımlar və yol xəritəsinin tərtibi ilə əlaqəli məsələlər texniki nümayəndələr tərəfindən
müzakirə olunacaq.
Sentyabrda baş tutacaq növbəti görüşün yeri hələlik dəqiqləşdirilməyib”, – deyərək yazıda qeyd olunub.
Qeyd olunur ki, iki ölkə arasında nizamlanma prosesində addım-addım irəliləyişlə bağlı razılaşma mövcuddur.
Avqustun 11-də Türkiyə mediası yenə də anonim mənbəyə istinad edərək, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin növbəti görüşünün sentyabrda baş tutacağını, hətta görüşün Türkiyədə keçirilə biləcəyini istisna etməyib.
Ermənistan Xarici İşlər Nazirliyi bu nəşrlərə cavab olaraq bildirib ki, xüsusi nümayəndələrin növbəti görüşü ilə bağlı hansısa şərt yoxdur.