Yunanıstana hücum bir gecədə baş verə bilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana qarşı təhdidlərin davamında hərbi hücum ehtimalı barədəki suala cavabda deyibdir ki, bu hücum bir gecədə baş verə bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Balkanlarda üçgünlük səfərdə olan Ərdoğan Bosniya və Herseqovinanın Prezident Şurasının sədri Şəfiq Cəfəroviçlə birgə mətbuat konfransında bildiribdir ki; əgər Yunanıstanın Türkiyəyə qarşı hədələri davam edərsə, Ankara lazımi addımlar atacaq, çünki bizim səbrimizin də həddi-hüdudu var.
O, bir müxbirin Türkiyənin həqiqətən də Yunanıstana qarşı hərbi əməliyyatları araşdırmaqda olmasına dair sualına cavabda deyib: Biz qəflətən gecə hücuma keçə bilərik.
Ərdoğan qeyd edibdir ki, bu barədə söylədiyi röya olmayıb, bir gerçəklikdir.
Ərdoğanın bu təhdidlərinin fonunda qeyd edək ki, Avropa Birliyi son zamanlar Türkiyə prezidentinin bir neçə gün bundan qabaq Yunanıstana ünvanladığı təhdidlərə reaksiya vermiş və bu haqda nigarançılıq ifadə etmişdi.