Praqada Ərdoğan-Paşinyan görüşü baş tuta bilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla oktyabrın əvvəlində Praqada görüşünün mümkün olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,Ərdoğan, həmçinin, Ermənistanı barışıq fürsətindən “yaxşı istifadə etməyə” çağırıb.
Bundan əvvəl də Ərdoğan Paşinyanla Avropa Siyasi Birliyinin oktyabrın əvvəlində Praqada keçiriləcək sammitində görüşə biləcəyini bildirmişdi.
Ermənistanda çıxan “Hraparak” qəzeti də gizli hökumət mənbələrinə istinadən bildirib ki, Praqada fors-major halı olmasa, Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü reallaşacaq.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin liderləri oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada görüşəcək.
Sammitdə Avropa İttifaqının 27 üzvü ilə yanaşı, 17 ölkə də dəvət olunub.
Azərbaycan, Türkiyə, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna və İngiltərə sammitə dəvət alıb.
Avropa Siyasi Birliyinin sammitini keçirmək ideyası Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb.