Ankara ilə Afina arasında növbəti gərginlik
Yunanıstan Xarici İşlər Nazirliyinin Egey və İon dənizində iki yeni dəniz parkı elan edəcəyini açıqlaması Ankara ilə Afina arasında yenidən gərginliyə səbəb olub. Məsələ ilə bağlı rəsmi Ankara Yunanıstana sərt reaksiya versə də, Afinadan da cavab gecikməyib.
Rəsmi Ankara bəyanatında Yunanıstanın ekoloji problemlərində sui-istifadə etdiyini vurğulayıb:
“Yunanıstanın uzun müddətdir ki, Egey problemləri kontekstində demək olar ki, hər platformadan faydalanmağa çalışdığı məlumdur. Yunanıstan-Türkiyə münasibətlərində son yumşalmalara baxmayaraq, görünən odur ki, Afina bu dəfə ekoloji problemlərdən sui-istifadə edir. Yunanıstana tövsiyə edirik ki, Egey dənizindəki problemlərdən və beynəlxalq qanunlar çərçivəsində onlara aid olmayan ada və qayaların statusu ilə bağlı məsələlərdən öz gündəmi çərçivəsində istifadə etməsinlər. Bununla yanaşı, AB daxil olmaqla, üçüncü tərəflərə xəbərdarlıq etmək istərdik ki, Yunanıstanın ətraf mühit proqramları ilə bağlı siyasi addımları üçün alətə çevrilməsinlər”.
Rəsmi Afina isə Türkiyə tərəfinin məsələni siyasiləşdirdiyini açıqlayıb:
“Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı ekoloji məsələni tamamilə siyasiləşdirir. Yunanıstan hökuməti xarici siyasət prinsipləri çərçivəsində ölkənin suverenliyini və suveren hüquqlarını hərtərəfli dəstəkləməyə davam edəcək. Məsələ ilə bağlı tədbirlər planı artıq hazırlanıb və yalnız ətraf mühitin qorunmasına yönəlib. Türkiyə ilə müzakirə etməli olduğumuz yeganə mövzu, beynəlxalq hüquq səviyyəsində həll olunacağına ümid etdiyimiz kontinental şelfin müəyyən edilməsidir”,-Yunanıstanın rəsmi bəyanatında deyilir.