Türkiyə rəhbərlərinin etdiyi təbriklər diqqət çəkib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Zəfər Günü ilə bağlı Azərbaycan xalqını "X" sosial platformasında təbrik edib.
" Qarabağı öz yurduna qovuşduran azərbaycanlı qardaşlarımızın Zəfər coşqusunu paylaşıram” yazan Hakan Fidan Ərdoğanın son açıqlamasından yaranmış incikliyi düzətməyə çalışıb.
Son dövrlərdə, iki ölkənin siyasi rəhbərliyi arasında sərin küləklər əsməyə başlayıb. Ərdoğanın Azərbaycan ərazilərinin işğaldan azad edilməsində Türkiyənin rolunu qabartması Azərbaycanın hakim dairələrində xoş qarşılanmayıb. İqtidar mediası Türkiyə prezidentinin fikirlərinə sərt sözlərlə reaksiya verib. Ərdoğan da öz növbəsində futbol matçını bəhanə gətirərək Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə qatılmaqdan imtina edib. Hər zamankından fərqli olaraq, Ərdoğanın Zəfər Günü münasibətilə İlham Əliyevə zəng etməməsi və təbrikini sosial şəbəkə üzərindən çatdırması da diqqətdən yayınmayıb.