Dek 04, 2024 20:21 Asia/Baku
  • Türkiyə Amerika və sionist rejimin əlində alətə çevrilib

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin müşaviri Suriyaya terrorçu qruplarının başlatdığı hücumlara işarə edərək, deyib: "Təəssüflə Türkiyə Amerika və sionist rejimin əlində alətə çevrilib".

İran İslam İnqilabının Ali Məqamlı Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Türkiyənin Suriyadakı son iğtişaşlarda roluna toxunaraq, Türkiyə xalqının imanlı və ifratçılıqdan uzaq bir xalq olduğunu, İslama böyük xidmətlər göstərdiyini və onların hesabının ölkə hakimiyyətinin hesabından ayrı olduğunu bəyan edərək, əlavə edib: "Biz ümid edirdik ki, informasiya və xarici siyasət sahəsində təcrübəli insan olan Türkiyənin xarici işlər naziri Hakan Fidan bu problemləri aradan qaldıracaq". 

Əvvəllər İranın xarici işlər naziri vəzifəsində çalışmış Vilayəti qeyd edib ki, heç kim İslamda uzun bir tarixə malik olan və böyük şəxsiyyətləri və arifləri olan Türkiyənin Amerika və sionistlərin qazdığı çuxura düşəcəyini ağlına belə gətirməzdi. 

Vilayəti Suriyada terrorçuların son hücumlarını Qərb mediası və beynəlxalq gücləri idarə edənlər tərəfindən əvvəlcədən hazırlanmış plan hesab edərək, sözlərinə belə davam edib: "Bu medialar faktları təhrif edirlər, çünki bundan əvvəl yalandan Qərbin ictimai rəyinə sionist rejimin Livana qarşı müharibədə qalib gəldiyini aşılayırdılar və hazırda onlar “Heyəti Təhrir ,ş-Şam” terror qruplaşmasının Bəşşar Əsədin qanuni hökumətini devirəcəyini iddia edirlər".

İran İslam İnqilabının Ali Məqamlı Rəhbərinin müşaviri sonda qeyd edib ki, Amerika, sionistlər və region istər ərəb, istərsə də qeyri-ərəb ölkələri bilməlidirlər ki, İran İslam Respublikası hazırda Suriya hökumətini dəstəkləyir və sonuna qədər də dəstəkləyəcək.