CHP Türkiyə iqtidarının ittihamlarını qəbul etmir
Əkrəm İmamoğlunun prezidentliyə namizədliyi irəli sürüldü
Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul meri vəzifəsindən uzaqlaşdırılmış Əkrəm İmamoğlunun prezidentliyə namizədliyini rəsmən elan edib.
Ana müxalifət partiyasının sosial şəbəkədə etdiyi paylaşımında deyilir: “Yolumuz uzun, həyəcanı yüksək gəncliyimiz var! Prezidentliyə namizədimiz Əkrəm İmamoğludur”.
Xatırladaq ki, martın 23-də İmamoğlunun “korrupsiya” işi üzrə istintaqı çərçivəsində həbs edildiyi gün, CHP prezidentliyə namizədin müəyyənləşdirilməsi üçün ilkin seçkilər keçirib. Partiya üzvləri üçün standart səsvermədən başqa, partiyasız şəxslərin də səs verə biləcəyi “həmrəylik məntəqələri” yaradılıb. Bunun ardınca CHP-nin sədri Özgür Özəl səsverməyə 15 milyona yaxın vətəndaşın qatıldığını açıqlayıb. Beləliklə də İmamoğlu ilkin seçkilərin alternativsiz namizədi olub.
Bu arada İstanbulda və digər şəhərlərdə etirazlar dayanmır, mətbuatın yazdığına görə, polis etirazçıları dağıtır.
Türkiyə mətbuatı xəbər verir ki, son 5 gündə Türkiyənin 81 vilayətindən 55-də müxalif İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsinə qarşı etiraz aksiyaları keçirilib.
Türkiyədə yaşanan olaylarla bağlı yayılan digər bir xəbərə görə isə, İstanbul valiliyi həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlunun yerinə bələdiyyə sədrinin müavininin namizədliyinə martın 26-da baxacaq.