Xristian bloku Türkiyəyə etibar etmir
Avropa Parlamenti Türkiyənin Aİ-yə üzvlük prosesini dondurub
Avropa Parlamentinin qəbul etdiyi hesabatda bildirilib ki, Türkiyənin Aİ-na üzvlük prosesi indiki şəraitdə bərpa oluna bilməz.
Avropa Parlamentində səsə qoyulan hesabatın lehinə 367 üzv, əleyhinə isə 74 deputat səs verib, 188-i də bitərəf qalıb.
Hesabatda iddia olunur ki, Avropa Parlamentinin üzvləri Türkiyədə demokratik standartların pisləşməsindən və tənqidi səslərin amansız repressiyasından dərin narahatdırlar.
Onlar son dinc kütləvi nümayişlərə qarşı sərt repressiyaları və yüzlərlə etirazçının tələsik kütləvi məhkəmələr vasitəsilə mühakimə olunmasını da pisləyiblər.
Sənədə görə, Türkiyə hakimiyyəti öz hərəkətləri ilə “ölkəni tam avtoritar modelə doğru daha da irəli aparır”.
Hesabatda bildirilir ki, Aİ-yə üzvlük “demokratiya, qanunun aliliyi, insan haqları, azlıqlara hörmət, mehriban qonşuluq münasibətləri, beynəlxalq hüquqa hörmət və Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunluq” kimi müəyyən üzvlük meyarlarının yerinə yetirilməsi ilə şərtlənir.
1999-cu ilin dekabrında Avropa Şurası Türkiyəni Avropa İttifaqına üzvlüyə namizəd ölkə kimi tanıdı. 2005-ci ilin oktyabrında ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlanılıb. 2018-ci ildə Aİ Şurası bu danışıqların dayandırıldığını elan etmişdir.