Sionist rejimin casusluq aparatı ahtapota çevrilib
Mossad Türkiyədə cövlan edir – ARAŞDIRMA
Sionist İsrailin ABŞ-da casusluğu bu rejimin kəşfiyyat orqanları; o cümlədən Mossadın digər ölkələrdəki gizli fəaliyyətini günün əsas mövzularından birinə çevirib. Türkiyə sionist agenturasının hədəf hesab etdiyi ölkələrdən biridir.
Son illərdə Türkiyə ərazisində İsrailin kəşfiyyat orqanı Mossadın casusluq fəaliyyətləri ilə bağlı bir sıra faktlar üzə çıxmış və bu fəaliyyətlərə qarşı Türkiyə tərəfindən ciddi tədbirlər görülmüşdür. Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) və təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində dəfələrlə İsrailə işlədiyi iddia edilən şəxslər saxlanılıb.
Bu xüsusda bəzi faktlara nəzər salırıq:
2024-cü ilin yanvar ayında Türkiyədə Mossad üçün casusluq fəaliyyəti göstərməkdə şübhəli bilinən 34 nəfər saxlanıldı. O vaxt bu şəxslərin Mossad tərəfindən "siyasi və ya hərbi casusluq" məqsədilə istifadə edildiyi, xüsusilə Türkiyədə yaşayan fələstinlilərə və onların ailələrinə qarşı izləmə, təqib, hücum və adam oğurluğu planlaşdırdıqları iddia edildi.
2024-cü ilin mart ayında İstanbul və İzmir şəhərlərində keçirilən əməliyyatlarda Mossad üçün məlumat toplayan yeddi nəfər, o cümlədən bir özəl dedektiv saxlanıldı. Sonradan bu şəxslərin Orta Şərq mənşəli şirkətlər və şəxslər haqqında məlumat toplayaraq Mossad-a ötürdükləri, izləmə cihazları yerləşdirdikləri və kriptovalyuta ilə ödəniş aldıqları isbat edildi.
2024-cü ilin aprel ayında Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, İsrail kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığını bildirdi. Bu şəxslərin insanlar və şirkətlər haqqında məlumat toplayaraq İsrail kəşfiyyatına ötürdükləri elan olundu.
Şübhəsiz ki, Mossad-ın Türkiyə daxilində casus şəbəkələri qurması və ya Türkiyə ərazisində fəaliyyət göstərən fələstinli və digər Orta Şərq mənşəli şəxsləri izləməsi, ölkənin suveren hüquqlarının pozulması kimi qiymətləndirilir. Bu, dövlətin daxili işlərinə xarici müdaxilə deməkdir.
Xüsusilə də Mossad-ın Türkiyədə fələstinlilərə və Həmas-a yaxın şəxslərə qarşı əməliyyatlar planlaşdırması və ya izləməsi vaxtaşırı diplomatik və təhlükəsizlik böhran yaradır.
Digər tərəfdən Mossad sosial mühəndislik, dezinformasiya və təxribat üsullarından istifadə edərək Türkiyə cəmiyyətində daxili qarşıdurmaları qızışdırmaq və ya müəyyən qrupları hədəfə almaq potensialı ilə ölkənin milli birliyinə təhlükə yaradır. Eyni zamanda Türkiyənin texnoloji sirrlərini oğurlamaq da İsrail kəşfiyyatının fəaliyyətlərinə daxildir. Bu səbəbdən Türkiyə təhlükəsizlik orqanları, xüsusilə MİT, bu fəaliyyətlərə qarşı son illərdə intensiv tədbirlər görməkdədir.