İraq Kürdüstanında nələr yaşanır?
Gərginliklərdə Türkiyə prezidentinn kürəkənin adı hallanır – AKTUAL
İraq Kürdüstanında Ərdoğanın kürəkəni ilə bağlanmış neft müqaviləsi səbəbilə qarşıdurmalar baş verib və bölgədə həyəcanlı vəziyyət davam edir.
İraq Kürdüstanı bölgəsində son günlər prezident Rəcəb Təyyib Ərdoğanın kürəkəni ilə bağlanmış neft müqaviləsi ilə bağlı ciddi gərginliklər və qarşıdurmalar yaşanır. Yerli mənbələr bildirir ki, bu müqavilə üzərində enerji mənbələrinin kimə məxsus olması və gəlirlərin necə bölüşdürülməsi ilə bağlı kürd tayfaları və partiyaları arasında ciddi narazılıqlar meydana çıxıb və bu, bəzən silahlı qarşıdurmalarla müşayiət olunur.
Müqavilə əsasən Kürdüstan Demokrat Partiyası (KDP) tərəfindən Türkiyə ilə imzalanıb və Bərat Albayrak ilə əlaqəli şirkətləri əhatə edir. Bu razılaşma Bağdad hökumətinin icazəsi olmadan həyata keçirilib və Kürdüstan Yurdsevərlər İttifaqı (PUK) kimi rəqib partiyalar tərəfindən tənqid olunub. Onlar hesab edirlər ki, təbii sərvətlər milli və şəffaf şəkildə idarə olunmalı, şəxsi və partiya maraqlarına xidmət etməməlidir.
Xatırladaq ki, Türkiyənin enerji daşıyıcıları ilə bağlı mübahisəli fəaliyyəti təkcə bu günlə məhdudlaşmır. Əvvəllər, xüsusilə İŞİD terror təşkilatının İraq və Suriyada geniş əraziləri nəzarətə götürdüyü dövrdə, Türkiyə dəfələrlə təkfirçi qruplar vasitəsilə neft qaçaqmalçılığına göz yummaqda və ya bu prosesdən mənfəət əldə etməkdə ittiham olunmuşdu.
Elə o vaxt, “Reuters”, “New York Times” və digər nüfuzlu beynəlxalq KİV-lər İŞİD-in nəzarətindəki neftin Türkiyə üzərindən satışa çıxarıldığını göstərən araşdırmalar yayımladılar. Və Rusiya 2015-ci ildə İŞİD-ə məxsus neft tankerlərinin Türkiyə sərhədlərindən keçdiyini sübut edən hava görüntülərini ictimaiyyətə təqdim etdi.
Bu ittihamlar Türkiyə tərəfindən qəti şəkildə inkar olunsa da, Ankaranın bölgədəki qeyri-şəffaf iqtisadi maraqları beynəlxalq diqqəti cəlb etmişdir.
Beləliklə də İraq Kürdüstandakı son hadisələri Türkiyənin enerji siyasəti və şəxsi ailə maraqları ilə birbaşa əlaqəli hesab etmək olar. Ankara uzun illərdir bölgədə enerji resurslarından qeyri-rəsmi yollarla istifadə etməyə çalışır, bu isə həm İraqın suverenliyinə, həm də Kürdüstanın daxili siyasi sabitliyinə ciddi təhdid yaradır.