Türkiyənin Vətən Partiyası Tramp marşrutunu təhlükəli plan sayır
“Bu dəhliz İsrail-Amerika layihəsidir”
Türkiyədə Vətən Partiyasının sədri Ermənistanın ABŞ-a tranzit marşrutu verməsini təhlükəli plan sayaraq bu addımla Türkiyənin də təhlükəsizliyinin risk altında olduğunu vurğulayıb.
Doğu Perinçək İranın Mehr Xəbər Agentliyi ilə müsahibədə deyib: “Tramp marşrutu qətiyyən İsrail-Amerika layihəsidir”.
Türkiyəli siyasətçisi bu dəhlizin Türkiyə və İranın təhlükəsizliyinə yaratdığı təhdidlərə toxunaraq, xarici müdaxilələrə qarşı region dövlətlərinin birləşməsinin vacibliyini vurğulayıb.
Perinçək bildirib: “ABŞ və İsrailin atacağı istənilən addım Türkiyəni təhdid edir. Yeni dəhliz İranın təhlükəsizliyi və iqtisadi maraqları üçün birbaşa təhdiddirsə, bu, eyni zamanda Türkiyənin də təhlükəsizliyini təhdid edir”.
O həmçinin ABŞ-İsrail cütlüyünün Türkiyəni faktiki olaraq mühasirəyə aldıqlarını xatırladıb. “Amerika və İsrail Şərqi Aralıq dənizində Yunanıstan və Kiprin yunan hissəsi ilə əməkdaşlıq edir, dəniz təlimləri keçirirlər, Egey sahilləri Amerika bazaları ilə doludur. Ona görə də Türkiyə Egey və Şərqi Aralıq dənizindən tutmuş Suriya və İraqın şimalına qədər Amerikanın əhatəsindədir və indi müzakirə olunan məsələ İsrail və Amerikanın Qafqazda olmasıdır. Ona görə də Tramp marşrutu Türkiyə üçün ciddi təhlükədir və biz Vətən Partiyası olaraq bu layihənin həyata keçirilməsinə qarşıyıq”, - deyə Vətən Partiyasının sədri fikrini yekunlaşdırıb.