ABŞ Türkiyədən xeyli imtiyazlar alsa da, ona qarşı sanksiyaları qüvvədə saxlayır
Kaan təyyarələri üçün vacib olan mühərriklər verilmir - AKTUAL
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ABŞ Konqresi Türkiyənin yerli və milli Kaan beşinci nəsil döyüş təyyarəsi üçün vacib olan mühərriklərin ixracını dayandırıb.
Bu məlumata əsasən, konqresin bu qərarı təyyarənin istehsalını gecikdirir və Türkiyənin müdafiə layihələrində lisenziya məhdudiyyətləri yaradır.
İxrac məsələsi Türkiyənin 2019-cu ildən bəri kritik ABŞ müdafiə ixracatına çıxışını məhdudlaşdıran CAATSA sanksiyaları ilə əlaqəli davam edən lisenziya probleminin bir hissəsidir. Ona görə də, ABŞ-dan gələn texnologiya nəzarəti və sanksiyalar KAAN layihəsinin motor tədarükündə ciddi məhdudiyyətlər yaradıb.
KAAN Türkiyənin özünə məxsus beşinci nəsil döyüş təyyarəsi layihəsidir. Layihənin məqsədi Türkiyənin F-16 təyyarələrini əvəz etmək və ixrac imkanlarını inkişaf etdirməkdir. Lakin sanksiya səbəbilə Türkiyənin bu milli layihəsi problemlə üzləşib. Çünki ABŞ-ın ixrac nəzarəti, texnologiyaların xaricə çıxışı ilə bağlı ciddi şərtlər qoyur. Mühərriklər və onların mühüm komponentləri də bu nəzarətə tabedirlər və konqres KAAN üçün mühərrik ixracını bloklayıb.
Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri alması ABŞ ilə münasibətlərində gərginlik yaratdı və bu, sanksiyalar prosedurlarının gündəmə gəlməsinə səbəb oldu.