Dek 14, 2025 17:17 Asia/Baku
  • Qara dəniz döyüş meydanına çevrilməməlidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə ölkəsinin bir gəmisinə edilən hücuma münasibət bildirərək, deyib: "Qara dəniz döyüş meydanına çevrilməməlidir".

Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfərdən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamada bildirib: "Qara dənizdə ölkəmizə məxsus bir gəminin hədəfə alınması nə Rusiya, nə də Ukraynanın xeyrinədir. Hər kəsin Qara dənizdə təhlükəsiz naviqasiyaya ehtiyacı var və bu dəniz hesablaşma meydanına çevrilməməlidir".

O əlavə edib: "Rusiya prezidenti Vladimir Putinlə konstruktiv və əhatəli bir görüş keçirdik və ümid edirəm ki, sülh planı ilə bağlı ABŞ prezidenti Tramp ilə də danışmaq fürsətimiz olacaq".

Türkiyə prezidenti vurğulayıb: "Qəzzədə sabitlik qüvvələrində iştirakla bağlı bizə heç bir təklif və ya müraciət daxil olmayıb, lakin buna hazırıq". 

O həmçinin deyib: "Türkiyə, etnik və dini fərqlərdən asılı olmayaraq, Suriyada yaşayan insanların rifah və rahatlığını istəyir. 10 mart razılaşması bölgənin gələcəyi ilə sıx bağlı bir prosesdir. Bu razılaşmada nəzərdə tutulan məqsədlərə çatmaq Suriya üçün ən faydalı nəticə olacaq".

Ərdoğan əlavə edib: "İsrail öhdəliklərinə sadiq qalmalı, atəşkəsə tam riayət etməli və Qəzzədə həyatın normal vəziyyətə qayıtmasına imkan verməlidir".