Həzrət Ayətullahuluzma Xamenei: Onlar əməldə terrorizmi himayə edir və yayırlar
İslam İnqilabının Böyük Rəhbəri regionda və İslam dünyasında müharibə, əmin-amansızlıq və terrorizmin əsas mənbəyini zalım qüdrətlər və onların başında Amerikanı hesab ediblər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün günortadan öncə quruluşun məsul şəxsləri və xalqın müxtəlif təbəqələrindən bir qrupu ilə görüşdə zalım qüdrətlərin hədəfinin Fələstin məsələsinin unudulması və sionist rejim üçün tənəffüs atmosferinin yaradılması olduğunu vurğulayaraq, deyiblər: Bu fitnələrlə yeganə mübarizə yolu, əsl düşmənin tanınması və müqavimətdir.
İslam İnqilabının Böyük Rəhbəri səadətli Fitr bayramını təbrik edərək, İslam dünyasının hazırkı şəraitinə, eləcə də regiondakı qırğın, əmin-amansızlıq və qanlı partlayışlara toxunub və belə deyiblər: Mühüm məsələlərdən biri, terrorizmi yayan gizli əlləri, həmçinin İslam ümmətinin bugünkü problemləri və namübarək və xəbis mənbələrin tanınmasıdır.
Həzrət Ayətullahuluzma Xamenei bütün ölkələr və qüdrətlərin zahirdə terrorizmi rədd etdiklərini elan etmələrinə və terrorizmlə mübarizə üzrə yalançı koalisiya yaratmalarına işarə edərək, belə qeyd ediblər: Qüdrətlərin zahiri iddialarına rəğmən, onlar əməldə terrorizmi dəstəkləyir və yayırlar.
O həzrət Suriya hadisələrinin ilk günlərində Amerika səfirinin etirazçılar arasında olmasına və bu ölkənin siyasi qarşıdurmasını vətəndaş müharibəsinə çevirməyə zəmin yaratmasına toxunaraq, əlavə ediblər: Bir siyasi qarşıdurmanı qardaş qırğınına çevirdilər, sonra isə maliyyə və silah dəstəyi, habelə haram neft gəlirləri ilə müxtəlif məntəqələrdən şəxsləri Suriya və İraqa gətirərək, regionun bugünkü problemlərini və əmin-amansızlıqları yaratdılar.
Həzrət Ayətullahülüzma Xamenei vurğulayıblar: Bəzi iddialara rəğmən, İran Bəhreynin işlərinə qarışmayıb və qarışmayacaq da, amma əgər bu ölkədə siyasi yetkinlik və agahlıq mövcuddursa, siyasi qarşıdurmanın vətəndaş müharibəsinə çevrilməsinə yol verməməlidirlər.
İslam İnqilabının Böyük Rəhbəri Yəmənin şəraitinə, eləcə də infrastrukturlar, məscidlər, xəstəxanalar və camaatın evlərinin gündəlik olaraq bombalanmasına toxunaraq, vurğulayıblar: Təcavüzkar təcavüzdən əl çəkməlidir və İslam dünyası da təcavüzkarı tənbeh etməlidir.
İslam İnqilabının Böyük Rəhbərinin çıxışından öncə İran prezidenti səadətli Fitr bayramını təbrik edərək, terrorizm, əmin-amansızlıq və didərginliyi İslam dünyanın bugünkü problemlərindən adlandırıb və terrorizmlə mübarizə üçün real koalisiyanın formalaşması vacibliyini vurğulayaraq, deyib: İran İslam dünyasının problemləri qarşısında həssasdır və müsəlman xalqları müdafiə edəcək.