Qarşılıqlı təsirlərə malik olan əməkdaşlıq
İran-Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxır - TƏHLİL
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın Çin Xalq Respublikasına səfəri və onun Pekində keçirdiyi görüşlər siyasi dairələrdə əsas müzakirə obyektinə çevrilib.
SəhərAzəri-nin məlumatına əsasən, səfərin sonunda İranın XİN başçısı öz Tvitter hesabında yazıb ki, iki ölkə arasında strateji əməkdaşlıq haqqında 25 illik hərtərəfli sazişin icrasına başlanıldı.
Pekindəki danışıqların mehvərini və İran-Çin razılaşmalarını nəzərə alsaq, bu səfər iki aspektdən əhəmiyyətlidir:
Birinci aspekt; Hərtərəfli əməkdaşlıq sənədi çərçivəsində İranla Çin arasında strateji əhəmiyyət kəsb edən iqtisadi əlaqələr yüksək səviyyədədir.
Məlum olduğu kimi İran-Çin münasibətləri çoxşaxəli və dərindir və müxtəlif boyutlara malikdir. Bu baxımdan İran-Çin əməkdaşlığı haqqında imzalanmış hərtərəfli sənədi bir yol xəritəsi kimi xarakterizə etmək lazımdır. Bu sənəddə Çinin bir kəmər bir yol ideyasında İranın iştirakına xüsusi diqqət yetirilir. Belə ki, İran Xəzər dənizi ilə Fars Körfəzi və Oman Dənizi arasında əlaqə körpüsü rolunu oynayacaq. Bu perspektiv İranın orta və uzunmüddətli iqtisadi planlarında iştirakına görə ölkəni xarici investorlar, o cümlədən Çin üçün cəlbedici edir.
Bu səfərin əhəmiyyətinin ikinci tərəfi ondan ibarətdir ki, Tehran və Pekin arasında siyasi əlaqələr yüksək səviyyədə qurulub. Əslində İran və Çin beynəlxalq sistemdə iki mühüm və nüfuzlu dövlət olaraq müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək, regional sabitlik və təhlükəsizliyi qorumaq üçün ortaq maraq və məqsədlərə malikdirlər. Eyni zamanda Birləşmiş Ştatların təkvektorlu siyasətinə qarşı çıxırlar. Buna uyğun olaraq iki ölkə arasında regional və beynəlxalq səviyyədə məsləhətləşmələr cərəyan etməkdədir. Təsadüfi deyil ki, Tehran və Pekin Vyanada nüvə sazişinin bərpası ilə bağlı gedən müzakirələrdə də yaxından məsləhətləşmələrini davam etdirirlər.
Münasibətlərin bu səviyyəsi əslində regional və beynəlxalq əlaqələrdə qarşılıqlı etimadın nəticəsidir ki, bu da çoxtərəfli münasibətlər qurmaq üçün təhdidləri fürsətlərə çevirmək zərurətindən mənşə alır. Təcrübə göstərir ki, bir və ya iki iqtisadi qütbdən asılılıq uzunmüddətli perspektivdə iqtisadi və ticarət asılılığına gətirib çıxaracaq. Ona görə də siyasi münasibətləri tarazlaşdırmaq və “şərqə baxmaq” siyasəti İran İslam Respublikasının xarici siyasətində diqqət mərkəzinə alınıbdır.
Müşahidəçilər bununla bağlı bildirirlər ki, Çinin yüksək iqtisadi potensialı qlobal arenada mühüm əhəmiyyət kəsb edir və onunla əməkdaşlıq ABŞ-ın birtərəfli sanksiyaları ilə bağlı bir çox məsələləri İran üçün yüngülləşdirə bilər.
Bütövlükdə, Çin kimi əsas Asiya ölkələri ilə əməkdaşlığın inkişafı siyasi əlaqələrə öz töhfəsini verməklə yanaşı, infrastruktur, o cümlədən neft və qaz, limanlar və nəqliyyat sahələrində əməkdaşlığa, həmçinin yeni texnologiyalara sərmayə qoyuluşunda yaxşı imkanlara yol açacaqdır. 25 illik strateji sənədin icrası bu istiqamətdə mühüm addımdır.