Vyana müzakirələri həssas mərhələdə
İran nikbinliyini itirmir-TƏHLİL
İran İslam Respublikasının xarici işlər naziri Vyana danışıqlarının mümkün uğursuzluğuna görə ABŞ və Qərbi günahlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan iranlı diplomatların Vyanada yaxşı razılaşma əldə etmək üçün ciddiliklə çalışdıqlarını vurğulayıb.
“Niyə biz İran İslam Respublikasına aid olan hissəyə nikbin yanaşırıq? Çünki cənab Rəisi hökumətinin Vyanada yaxşı razılaşma əldə etmək üçün ciddi iradəsi var”, - deyə nazir bildirib.
Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edən İranın xarici işlər naziri həmçinin ABŞ-ın CNN kanalı ilə müsahibədə bunları deyib: “Biz yaxşı razılığa gəlmək üçün keçmişdə çox səy göstərmişik, bu həssas anlarda və Vyana danışıqlarının həssas şərtlərində ABŞ və Qərb realist olmasalar, şübhəsiz ki, onlar danışıqların mümkün uğursuzluğuna görə məsuliyyət daşıyacaqlar.
Xatırladaq ki, İran İslam İnqilabının Aliməqamlı Rəhbəri fevralın 17-də Təbriz əhalisi ilə virtual görüşündə ölkənin dinc nüvə enerjisinə böyük ehtiyac duyduğunu bəyan etmişdir.
Həzrət Ayətullahül-üzma Xamenei düşmən cəbhəsinin İranın nüvə texnologiyasından sülhməramlı məqsədlər üçün istifadə etdiyini bildiyi halda zalımcasına sanksiyalar tətbiq etmək və İranın guya nüvə silahına yaxınlaşması kimi cəfəng iddialar irəli sürməklə ölkənin gələcəyinə ehtiyac olan elmi inkişafı əngəlləməyə çalışdığını vurğuladı.
İran İslam Respublikasının dinc nüvə proqramı düşmən mediasının son illərdə İrana qarşı apardığı psixoloji müharibənin hədəflərindən biridir. Təbii məsələdir ki, İranın da hər bir ölkə kimi öz gələcəyini inkişaf etdirmək və planlaşdırmaq üçün müxtəlif sahələrdə dünya səviyyəsində biliklər əldə etmək hüququ var.
Nüvə elminə sahib olmaq və yeni enerjilərdən istifadə hər hansı bir ölkənin və onun xalqının həyatının təhlükəsizliyi, rifahı və inkişafı ilə birbaşa bağlıdır və İran daxili imkanları və potensialına arxalanaraq bu istiqamətdə addım atır. Zira dinc nüvə enerjisinə malik olmaq müxtəlif sənaye sahələrinin inkişafına birbaşa təsir göstərir. Məsələn, kənd təsərrüfatı sənayesində insanların ərzaq təhlükəsizliyini təmin etmək üçün yeni metodların tətbiq edilməsinə ehtiyac yaranıb, eləcə də tibb elmləri insanların sağlamlığını təmin etmək üçün hazırda nüvə elmindən faydalanmağa üz tutub.
Şübhə yoxdur ki, nüvə enerjisinin bütün aspektlərinə nail olmaq ölkənin gələcək tərəqqisinə zəmanət verir və əlavə olaraq müasir dövrdə qüdrətli dövlət olmağın mühüm tərkib hissələrindən birinə çevrilibdir.
Nüvə enerjisinə sahib olmağın vacibliyini nəzərə alaraq, İran dəfələrlə nüvə silahına can atmadığını vurğulayıb, bununla belə Vyana danışıqlarının getdiyi bu günlərdə bəzi tərəflər İranın nüvə biliklərinin inkişafını məhdudlaşdırmağa çalışırlar.
Belə bir şəraitdə sülhməramlı nüvə nailiyyətlərinin qorunub saxlanması bu gün İranın qırmızı xətti elan edilib və bildirib ki, yekun anlaşmanın əldə olunması qərbli tərəfin məsuliyyətli rəftarından asılıdır.