İran və İraq xarici işlər nazirlərinin birgə mətbuat konfransı
İranın xarici işlər naziri öz iraqlı həmkarı ilə birgə mətbuat konfransında İranın İraqda dondurulmuş aktivlərinin bir hissəsinin azad edilməsi üzrə ilkin razılaşmadan xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri deyib ki, ötən yeddi ay ərzində İran ilə İraq arasında ticarət mübadilələri həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə artıbdır.
Hüseyn Əmir-Abdullahian Tehranda öz iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında İraqla əlaqələri strateji adlandırıb. Bildirib ki, iki ölkə qarşılıqlı əlaqələrin müxtəlif sahələrdə genişlənməsinə səy göstərir.
İranın xarici işlər naziri, Fuad Hüseynlə, iki ölkə arasında quru vizasının ləğvi haqda danışığından xəbər verib. Ümidvarlıq edib ki, İran və İraq vətəndaşları öz şəxsi avtomobilləri ilə iki ölkə arasında hərəkət edəcəklər.
İraqın regional rolunu alqışlayan Əmir-Abdullahian İran-Ərəbistan danışıqları və regional anlaşma üzrə səylərinə görə, Bağdada təşəkkür edib.
İranın xarici işlər naziri həmçinin Yəməndəki atəşkəsi alqışlayıb və bu ölkənin mühasirəsinin ləğv edilməsi və xarici müdaxilə olmadan bütün yəmənli tərəflərin danışıq aparmaları zərurətinə təkid edib.
Bu mətbuat konfransında İraqın xarici işlər naziri Fuad Hüseyn də deyib ki, öz iranlı həmkarı ilə Tehranın Fars Körfəzi kənarındakı ərəb ölkələrilə əlaqələri və İraqın bu sahədəki rolu ətrafında fikir mübadiləsi aparıb. İraqın xarici işlər naziri Yəməndəki atəşkəsi də alqışlayıb.