Okt 16, 2022 11:37 Asia/Baku
  • İran xarici qüvvələrin Qafqaz regionunda yerləşdirilməsinə qarşıdır

İranın xarici işlər naziri azərbaycanlı həmkarı ilə telefon danışığında Qafqazda xarici qüvvələrin mövcudluğunu region ölkələrinin ümumi narahatçılığı adlandırıb və İranın regionda hər hansı xarici qüvvələrin yerləşdirilməsinin əleyhinə olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian şənbə günü gecə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı ən mühüm ikitərəfli, regional və beynəlxalq məsələləri nəzərdən keçirib.

Əmir Abdullahian İran və Azərbaycan Respublikası arasındakı münasibətlərin dərinliyinə toxunaraq, Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) 6-cı zirvə toplantısı çərçivəsində iki ölkə prezidentlərinin son görüşünü mühüm adlandırıb. 

O, Qafqaz regionunda baş verən son hadisələrə toxunaraq, İranın Azərbaycan Respublikası və Ermənistan da daxil olmaqla ölkələrin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb və bu yanaşmanın İran İslam Respublikasının daimi siyasəti olduğunu bildirib.

Azərbaycanın xarici işlər naziri isə öz növbəsində iki ölkə arasındakı münasibətləri mühüm və sabit adlandırıb.

Ceyhun Bayramov regionda xarici qüvvələrin mövcudluğuna qarşı çıxıb və bununla bağlı İran İslam Respublikasının mövqeyini dəstəkləyib.

Teqlər