Əmir Abdullahian: İran Ermənistan və Azərbaycanda əcnəbilərin olmasına qarşıdır
İranın xarici işlər naziri Ermənistana daxil olduqdan sonra jurnalistlərə verdiyi açıqlamada deyib: “İran İslam Respublikası Azərbaycan və Ermənistan da daxil olmaqla, bu bölgədə əcnəbilərin olmasına qarşıdır”.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İrəvan hava limanına daxil olduqdan sonra Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan tərəfindən rəsmi qarşılanıb.
Əmir Abdullahian İrəvana səfəri zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və bu ölkənin bəzi digər rəsmiləri ilə görüşəcək.
Əmir Abdullahian İran İslam Respublikası və Ermənistan Respublikasını əməkdaşlıq üçün çoxsaylı əsaslara və regionda ümumi narahatlıqlara malik iki ölkə kimi xarakterizə edərək, bu səfərdə həll yolları tapmağa çalışacaqlarını və iki dövlət arasında uzunmüddətli əməkdaşlıq yolunu cızmaq istədiklərini vurğulayıb.
Əmir Abdullahian deyib: "Mən çox şadam ki, qonşuluq siyasətini gücləndirmək istiqamətində son bir ildə ticarət mübadiləsinin həcmi əvvəlki illə müqayisədə 43,5 faizdən çox olub və biz iki ölkə arasında ticarət mübadilələrinin daha yüksək səviyyəsini görəcəyimizə ümid edirik.
İranın xarici işlər naziri Ermənistanın Kapan şəhərində İran İslam Respublikasının ilk Baş Konsulluğunun açılış mərasimində də iştirak edəcək.