İran-Ermənistan əlaqələri inkişaf etdirilir
Əmir-Abdullahiyan Paşinyanla görüşdü
İran İslam Respublikasının xarici işlər naziri Ermənistan baş nazirinin qəbulunda olub.
SəhərAzəri-nin məlumatına əsasən, görüş zamanı ikitərəfli əlaqələr, eyni zamanda, regional məsələlər müzakirə edilib.
Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Ermənistana səfəri çərçivəsində ötən gün Qafanda İranın Baş Konsulluğunun açılış mərasimində iştirak edib.
O həmçinin ermənistanlı həmkarı, habelə Ermənistan Parlamentinin sədri ilə görüşüb və iki qonşu ölkə arasındakı iqtisadi - siyasi əlaqələr haqda fikir mübadiləsi aparılıb.
İranın XİN rəhbəri iki ölkənin sərhəd sıfır nöqtəsində Qafanda konsulluğun yaradılmasını elan edərkən demişdir: "İqtisadi məsələlərə nəzər salaraq, Ermənistanla əməkdaşlığı inkişaf etdirmək, həmçinin şimal-cənub tranzit yolunu gücləndirmək qərarına gəlimişik. Bu, 13-cü hökumətin prioritetlərindən biridir. Ermənistanın Sünik vilayətinin mərkəzində konsulluğumuz bu məqsədlə açıldı."
İranlı nazir Ermənistan vasitəsilə tranzit məsələsində maneələrə qarşı çıxdığını, regionun inkişafının tərəfdarı olduğunu vurğulayıb. O həmçinin qeyd edib ki, İran Təbrizdə Ermənistan konsulluğunun açılmasında maraqlıdır.
Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşdə isə tərəflər İranın Qafandakı konsulluğunun ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin inkişafına töhfə verəcəyini bəyan ediblər. Onlar iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması imkanlarından da danışıblar. Hazırda İranla Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 700 milyon dollara yaxındır.