İran və Ukrayna nümayəndə heyətlərinin görüşünü pozmaqda Almaniyanın rolu
İranın xarici işlər naziri İran və Ukraynanın hərbi-müdafiə nümayəndə heyətlərinin görüşünün son anda pozulmasında Amerika və Almaniyanın birgə rolunu ifşa edib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Xarici İşlər Nazirliyinin Tədqiqat Mərkəzində BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupunun ilk iclası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib: "Rusiya ilə münasibətlərimiz qonşuluq və qarşılıqlı maraqlar üzərində qurulub. Mən burada vurğulamaq istərdim ki, bəzi qərb ölkələrinin İranın Rusiyaya Ukrayna müharibəsinə kömək etmək üçün raket və pilotsuz təyyarələr verdiyi barədə hay-küy salması, raket hissəsi ilə bağlı iddialar tamamilə yanlışdır".
O, əlavə edib: "Biz Ukrayna müharibəsinin başlamasına aylar qalmış Rusiyaya az sayda pilotsuz təyyarələr verdik".
İranın xarici işlər naziri daha sonra deyib: "Ukraynanın xarici işlər naziri ilə razılaşdıq ki, onlarda Rusiyanın Ukraynaya qarşı müharibədə İranın pilotsuz təyyarələrindən istifadə etdiyinə dair hər hansı sübut varsa onu bizə təqdim etsinlər. Bizim iki həftə əvvəl bir Avropa ölkəsində belə bir görüşümüz olacaqdı və siyasi və müdafiə nümayəndə heyətimiz həmin Avropa ölkəsinə getdi. Amma təəssüf ki, Ukrayna tərəfi son anlarda iştirak etmədi".
O, qeyd edib ki, səbəb ABŞ və bəzi Avropa ölkələrinin, xüsusən də Almaniyanın Ukraynaya bu deməsi olub ki, "Biz yəni Qərb pilotsuz təyyarələrə görə, İrana qarşı sanksiya tətbiq etmək istəyirik, siz isə Avropa ölkəsində iranlılarla qəhvə içmək istəyirsiniz?".
"Əlbəttə, Rusiyanın Ukraynaya qarşı müharibədə İran pilotsuz təyyarələrindən istifadə etdiyi bizə sübut olunarsa, biz bu məsələyə biganə qalmayacağıq", - deyən Əmir Abdullahiyan əlavə edib: "Ukraynadakı müharibə ilə bağlı bizim mövqeyimiz müharibənin dayandırılması, tərəflərin danışıqlara qayıtması və qaçqınların öz evlərinə qayıtmasıdır və bu istiqamətdə İran İslam Respublikası Ukraynada müharibə başlayandan bəri çoxlu səylər göstərmişdir".
"Bu səylər prezident və xarici işlər naziri səviyyəsində olub və indi də davam edir. Biz Ukraynada müharibə bitənə qədər səylərimizi davam etdirəcəyik", - deyə o, qeyd edib.