Avq 31, 2023 16:25 Asia/Baku
  • Əmir Abdullahian: Suriyadakı ABŞ hərbçilərinə evlərinə qayıtmağı tövsiyə edirik

İranın xarici işlər naziri çərşənbə günü Dəməşqdə suriyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib: "Biz Amerika qoşunlarına vətənə qayıtmağı və Amerika hakimiyyətinə bölgəni bölgə xalqının ixtiyarına buraxmağı tövsiyə edirik".

Çərşənbə günü bir heyətlə Dəməşqə səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Suriyanın xarici işlər naziri Feysəl Əl-Miqdad ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında iştirak edib.

Əmir Abdullahian deyib: "Bu gün biz Əl-Miqdad ilə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı yaxşı danışıqlar apardıq".

İranın xarici işlər naziri davam edib: "Mən saxta İsrail rejiminin Hələb hava limanına və Suriyanın digər mülki ərazilərinə vəhşicəsinə hücumlarını qətiyyətlə pisləyirəm. Regionda sionist rejimin heç bir təcavüz və cinayəti cavabsız qalmayıb və gələcəkdə də qalmayacaq".

Əmir Abdullahian əlavə edib: "Suriyanın təhlükəsizliyi və regionun təhlükəsizliyi bizim ciddi və ümumi narahatlığımızdır. Biz təhlükəsiz, sabit və inkişaf etmiş bir bölgə nail olmaq üçün Suriya rəhbərliyinə, ordusuna, hökumətinə və xalqına güclü dəstəyimizi davam etdiririk".

O, İranla Suriya arasında iqtisadi əməkdaşlıqların inkişafını vurğulayaraq,  deyib: "Biz razılaşdıq ki, İran-Suriya Müştərək Ali Komissiyası yaxın vaxtlarda Tehranda İranın vitse-prezidenti və Suriya baş nazirinin sədrliyi ilə iclas keçirsin".

İran xarici işlər naziri Türkiyə-Suriya münasibətlərinə də toxunaraq, deyib: "Biz Suriya ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin hər iki ölkənin və regionun maraqlarına uyğun olduğuna inanırıq. Suriya və Türkiyə də daxil olmaqla ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörməti vurğulayırıq".

İranın diplomatiya aparatının rəhbəri Amerika hərbçilərinin Suriya ilə İraq arasındakı sərhədi bağlamaq cəhdləri ilə bağlı suala cavab olaraq deyib: "Bu gün İraqın Suriya və qonşu ölkələrlə sərhədləri dostluq sərhədləridir. Amerika bölgə xalqını narahat etməyə son qoymalıdır".

"Amerika əsgərlərinə evlərinə qayıtmağı, Amerika səlahiyyətlilərinə isə bölgəni bölgə xalqına buraxmağı tövsiyə edirik. Heç bir tərəf bölgədəki tarixi nəqliyyat yollarını bağlaya bilmir. Bu hərəkətlər qərblilərin və amerikalıların insan haqları iddiası ilə üst-üstə düşmür", -deyə Əmir Abdullahian qeyd edib. 

Suriyanın xarici işlər naziri Feysəl Əl-Miqdad da bu mətbuat konfransında deyib: "ABŞ və Qərb siyasi məqsədlərə çatmaq üçün terrorizmə sərmayə qoymağa davam edir".

Əl-Miqdad vurğulayıb ki, İran və Suriya xalqlarının Qərbin çağırışları və fitnələri qarşısında dayanıqlılığı qəhrəmanlıqdir və iki ölkə xalqlarının öz rəhbərliyi və iki ölkənin müxtəlif sahələrdə izlədiyi cəsarətli siyasətlər ətrafında birləşməsini əks etdirir.

Suriyanın xarici işlər naziri həmçinin İranla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Teqlər