Dek 15, 2025 17:12 Asia/Baku
  • İran və Belarus xarici işlər nazirləri ikitərəfli əlaqələrin inkişafından məmnunluqlarını bəyan ediblər

İran və Belarus xarici işlər nazirləri müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafından məmnunluqlarını bildiriblər.

Belarusun yüksək vəzifəli dövlət rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün Belarusa səfər edən İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi bazar ertəsi günü günorta saatlarında belaruslu həmkarı Maksim Rıjenkovla görüşüb. Görüş zamanı iki xarici işlər naziri ikitərəfli münasibətləri nəzərdən keçirib və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparıblar.

Hər iki tərəf iki ölkə arasında müxtəlif diplomatik, iqtisadi, ticarət, nəqliyyat, tranzit və sənaye sahələrində münasibətlərin inkişafından məmnunluqlarını bildirib və iki ölkə liderlərinin əməkdaşlığı genişləndirmək əzmini təsdiqləyiblər.

Prezident Pezeşkiyanın bu ilin avqust ayında Minskə səfərinə toxunan İran xarici işlər naziri bildirib ki, İran İslam Respublikası iki prezident arasında əldə edilən anlaşma və razılaşmaların icrasını ciddi şəkildə izləyir.

Belarus xarici işlər naziri Belarus-İran münasibətlərinin möhkəmliyini qeyd edərək, ölkəsinin müxtəlif ikitərəfli və çoxtərəfli forumlarda iki ölkə əlaqələrini gücləndirməyə sadiq olduğunu vurğulayıb.

Görüş zamanı tərəflər qanunun aliliyini qorumaq və çoxtərəfliliyə qarşı artan təzyiqlərin qarşısını almaq məqsədilə Birləşmiş Millətlər Təşkilatı və onun qurumları daxil olmaqla beynəlxalq təşkilatlar və çoxtərəfli tənzimləmələr, xüsusən də BRICS qrupu, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və Qoşulmama Hərəkatı çərçivəsində sinerji və əməkdaşlıq yollarını müzakirə ediblər.

Görüşün sonunda İran və Belarus xarici işlər nazirləri ölkələri arasında üç əməkdaşlıq müqaviləsi imzalayıblar.