Okt 21, 2017 21:42 Asia/Baku
  • "Kamil İnsan" - Şəhid Mürtəza Mütəhhəri

«...Biz onu eşidən və görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər [ne᾽mətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir].» (İnsan 2-3).

İNSANİ DƏYƏRLƏRİN İNKİŞAFINDA TARAZLIĞIN ZƏRURİLİYİ

 

Hər bir mövcudun kamilliyi digər bir mövcudun kamilliyi ilə fərqlidir. Məsələn «kamil insan» ilə «kamil mələk» arasında fərq vardır. Mələyin, özünün mümkün kamilliyinin ən yüksək və son dərəcəsinə çatması, insanın öz kamilliyinin ən yüksək və ali dərəcəsinə çatmasından fərqlidir.

 

İNSANLA DİGƏR MÖVCUDLAR ARASINDAKI KAMİLLİYİN FƏRQLİ OLMASININ SƏBƏBİ

 

Bizi mələklərin mövcud olmalarından xəbərdar və agah edən şəxslər bildiriblər ki, mələklər sırf əql, düşüncə və fikirdən yaradılmış varlıqlardır. Belə ki, onlar dünyəvi və cismani cəhətlərə malik deyildir və onlarda qəzəb, şəhvət, nəfs və bu kimi hisslər yoxdur. Heyvanlar isə sırf dünyəvi məxluqlardır və onlarda Qur᾽anın «ilahi ruh» adlandırdığı şeydən heç bir şey yoxdur. İnsan yeganə varlıqdır ki, həm mələklərdə və həm də dünyəvi məxluqlarda olan şeylərə malikdir. O, həm mələklər və ruh aləminə və həm də maddi torpaq aləminə mənsub olan bir varlıqdır. Bu mətləb Üsulikafi kitabında nəql edilmiş bir hədisdə vardır. Həmin hədis buna oxşar mə᾽na ilə sünnü kitablarında da nəql edilib.

Mövlana «Məsnəvi»də bu hədisi nəzmə çəkib. Onun məzmunu:

«Hədisdə gəlib ki, əzəmətli Xaliq dünyada olan məxluqları üç cür yaradıb.» Şe᾽rin davamında deyir ki, onların bir qrupu mütləq nurdan, digər bir qrupu isə qəzəb və şəhvətdən yaradılıb. Birinci qrupdan məqsəd mələklər, ikincidən isə heyvanlardır. Allah-taala, insanı isə mürəkkəb – yə᾽ni onların ikisindən yaradıb. Buna görə də kamil insan öz səviyyəsində kamala çatmış heyvandan fərqli olduğu kimi, kamil mələklə də fərqlidir.

İnsanın mələk və heyvandan fərqlənməsinin səbəbi, onun zatının tərkibidir ki, Qur᾽an həmin məsələyə belə işarə edib:

 

«Həqiqətən Biz, insanı [sonrakı mərhələdə ata-anasının toxumundan ibarət] qarışıq bir nütfədən yaratdıq. Biz onu [dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə] imtahana çəkəcəyik...»

(İnsan-2).

 

Yə᾽ni, biz insanı çoxlu qarışıqları olan nütfədən yaratdıq. Məqsəd budur ki, bu günkü dillə desək, onun genlərində çoxlu iste᾽dadlar var. Ayənin davamında da deyir ki, insan elə bir mərhələyə çatıb ki, biz onu imtahana çəkirik. Bu çox mühüm sözdür. Belə ki, insan kamilliyin elə bir mərhələsinə çatıb ki, onu azad və ixtiyar sahibi olan məxluq kimi yaratmışıq və onu imtahan, sınaq, vəzifə, məs᾽uliyyət və qiymətləndirilməyə layiq bilmişik. İnsanı müxtəlif iste᾽dadlara malik olan nütfədən yaratdıq və buna görə də onu imtahan, sınaq, mükafat və cəza mövqeyində yerləşdirdik. Amma digər mövcudlar belə bir ləyaqətə malik deyildir. Ayənin davamında isə belə buyurur:

«...Biz onu eşidən və görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər [ne᾽mətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir].»

(İnsan 2-3).

 

İnsanın azadlıq və ixtiyarını, onun əsas və köklərini bundan yaxşı və gözəl şəkildə bəyan etmək mümkün deyil. Onu imtahan edərək sınadıq, haq yolunu ona göstərdik, indi onun özü öz yolunu seçməlidir.

Qur᾽anın bu ayəsindən mə᾽lum olur ki, «kamil insan» müxtəlif iste᾽dadlara malik mürəkkəb bir məxluq olduğu üçün «kamil mələk»dən fərqlənir.

 

DƏYƏRLƏRİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ TARAZLIĞIN QORUNMASININ ZƏRURİLİYİ

 

İnsanın kamilliyi onun tarazlığı və bütün cəhətlərinin bərabərliyindədir. Belə ki, insan bütün iste᾽dadlarına baxmayaraq, yalnız o vaxt kamillik dərəcəsinə çatır ki, özünün müəyyən bir iste᾽dadına meyl göstərərək digər iste᾽dadlarından üz çevirib onları tərk etməsin. O, bütün iste᾽dadlarını bərabər və uyğun şəkildə inkişaf etdirsə, kamillik dərəcəsinə çata bilər. Alimlər deyirlər ki, ədalətin həqiqəti tarazlıq və həmahəngliyə əsaslanır.

Burada tarazlıq və həmahəng olmaqdan məqsəd budur ki, insanın bütün iste᾽dadları inkişaf etməklə yanaşı bir-birinə uyğun inkişafa malik olsunlar.

Buna misal olaraq sadə bir məsələni göstərmək olar. İnkişaf etməkdə olan uşağın əl, ayaq, baş, qulaq, burun, dil, ağız, diş, mə᾽də, bağırsaq, böyrək və s. daxili və xarici bədən üzvləri var. Bütün üzvləri bərabər inkişaf edən uşaq sağlam adlanır. Amma əgər kiminsə burnu (karikaturalarda olduğu kimi) inkişaf edib, bədənin digər üzvləri inkişafdan qalsa və ya təkcə gözü yaxud başı böyüsə və bədəni sabit və inkişafsız qalsa həmin insan barəsində də inkişaf kəlməsini işlətmək olar, amma bu, həmahəng və bərabər inkişaf deyil. Kamil insan odur ki, onda bütün insani dəyərlər, bir-biri ilə həmahəng surətdə inkişaf etmiş olsun və onların heç biri inkişafsız qalmasın. Bundan əlavə, həmin dəyərlərin hər biri özünün ən ali və yüksək dərəcəsinə çatmalıdır. Belə olan surətdə o, kamil insan adlanır. Qur᾽an belə bir insan barəsində «imam» kəlməsini işlədib.

 

«[Ya Məhəmməd!] Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə [bə᾽zi əmrləri ilə] imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah-taala ona: «Səni insanlara imam [dini rəhbər, başçı] tə᾽yin edəcəyəm» – dedi...» (Bəqərə-124).

 

İbrahim müxtəlif və böyük ilahi imtahanlardan başı uca çıxdıqdan, onların hamısını arxada qoyduqdan və sonda ali qiymət aldıqdan sonra «imam» yə᾽ni kamil insan dərəcəsinə çatdı. İbrahimin böyük imtahanlarından biri öz əli ilə Allah yolunda övladının başını kəsməyə hazır olmasıdır. O, Allah müqabilində o qədər təslim olmuşdu ki, Allahın ona əmr etdiyini başa düşən kimi həmin işi heç bir sorğu-sualsız yerinə yetirməyə hazırlaşdı. «Onların hər ikisi [Allahın əmrinə] təslim olduğu və [İbrahim İsmaili qurban kəsmək üçün] üzü üstə yerə yıxdığı zaman.» (Saffat-103).

 

İbrahim, baş kəsməyə İsmail isə kəsilməyə tam hazır idi. «Biz ona belə xitab etdik: «Ya İbrahim! Artıq sən rö᾽yanın düzgünlüyünü [Allah tərəfindən olduğunu] təsdiq etdin!...» (Saffat 104-105).

 

Yə᾽ni: Bizim istədiyimiz şey bura kimi idi. Biz sənin, doğrudan da övladının başını kəsməyini istəmirdik. Bilmək istəyirdik ki, sənin bizim əmr və razılığımız müqabilindəki təslim və tabeçiliyin hansı həddə qədər özünü göstərəcək.

İbrahim oda atılmaqdan tutmuş, övladını qurban etməyə qədər olan bütün imtahanlardan müvəffəqiyyətlə çıxdıqdan və təkbaşına bir millətlə mübarizə apardıqdan sonra ona belə xitab edilir: «Səni insanlara imam tə᾽yin edəcəyik.» Sən indi örnək, rəhbər və başçı olmaq dərəcəsinə çatmısan. Başqa sözlə desək, sən kamil insansan. Digər insanlar kamil olmaq üçün özlərini səninlə uyğunlaşdırmalıdırlar.

Əli (ə) kamil insandır. Çünki bütün insani dəyərlər onda özünün ən yüksək həddində və həmahəng surətdə inkişaf edib, yə᾽ni o, hər üç şərtə malikdir.

Tarazlıq və həmahənglik məsələsini bir az izah etmək lazımdır. Yəqin ki, dəniz suyunun vaxtaşırı çəkilmə və ya qabarmasını görmüsünüz və ya bu barədə eşitmisiniz. Dəniz suyu həmişə qabarma və ya çəkilmə vəziyyətindədir.

Həmişə bu və ya digər tərəfdən çəkilməkdə və təlatümdədir. İnsan ruhu və ondan təşkil edilən cəmiyyət də dənizdə olan bu çəkilmə və qabarmaya malikdir. İnsan ruhu həmişə bu və ya o biri tərəfə çəkilməkdədir. Cəmiyyətlər də bu cürdür. Əlbəttə cəmiyyətlərin hansı tərəfə çəkilməsinin səbəbi şəxslər və ya digər cərəyanlar ola bilər, amma hər halda bu məsələ baş verir.

Hətta insanda olan insani dəyərlər də bu cürdür. Yə᾽ni siz bə᾽zi insanlarla rastlaşırsınız ki, həqiqətən onların meylləri insani meyllərdir, amma bə᾽zi vaxtlar insani meyllərin yalnız birinə doğru çəkilir və həmin istiqamətə meyl göstərirlər və digər dəyərlərin hamısını unudurlar. Bunlar, yalnız əl, qulaq və ya burun inkişaf edən adamlar kimidirlər.

Maraqlı məsələlərdən biri də budur ki, cəmiyyətlər çox vaxt yüz faizlik batil və puç yollara çəkilməklə azğınlaşır, haq bir məsələdə hədlərini aşdıqları üçün fəsad və pozğunçuluğa düçar olurlar. Elə insanların çoxu da bu yolla fəsada düşürlər.

 

MÜƏYYƏN BİR DƏYƏRİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ HƏDDİ AŞMAĞIN NÜMUNƏLƏRİ

  1. İBADƏT

 

İslamın tamamilə təsdiq etdiyi insani dəyərlərdən biri də ibadətdir. İslam baxımından insanın Allah yolunda etdiyi hər bir iş ibadətdir. Amma burada bizim məqsədimiz namaz, dua, münacat və bu kimi ibadətlərdir ki, islami mətnlərin ayrılmaz hissələridir.

İbadət doğrudan da əsl dəyərdir. Amma əgər, diqqət edilməsə cəmiyyət hədsiz dərəcədə bu dəyərə doğru yönələr, islam yalnız ibadət etmək, məscidə getmək, müstəhəbbi namaz qılmaq, dua oxumaq, müstəhəbbi qüsl vermək və Qur᾽an oxumaq kimi başa düşülər. Cəmiyyət bu istiqamətdə həddini aşanda, qalan dəyərlərin hamısı məhv olur. İslam tarixində cəmiyyət və şəxslərin belə bir ifrata varmalarını görmək olar. Tam çərəsiz şəxslər bu mübaliğə və ifratlara yol veriblər və belə bir yola düşdükdən sonra tarazlığı qoruya bilməyiblər. Əlbəttə onlar bu işləri üçün elə də günahlandırıla bilməzlər. Həmin şəxs, Allahın onu mələk deyil, insan yaratdığını başa düşə bilmir. Çünki o, mələk olsaydı belə işlərə məşğul olmalı idi. Buna görə də insan, müxtəlif dəyərləri bərabər və həmahəng surətdə inkişaf etdirməlidir.

Əziz islam Peyğəmbərinə, səhabələrdən bir qrupunun ibadətə ifrat dərəcədə qərq olduqlarını xəbər verirlər. O həzrət narahat və əsəbi halda məscidə gələrək uca səslə belə deyir: «Bu dəstələrə nə olub? Nə olub? (Peyğəmbər sözlərini ədəbli ifadə ilə deyib. Ümumi dillə desək, məqsədi bu olub ki, onlar nə xəstəliyinə tutulublar?) Eşitmişəm ki, mənim ümmətimdə belə şəxslər peyda olublar. Mən sizin peyğəmbərinizəm, amma belə etmirəm. Heç vaxt gecəni səhərə kimi ibadət etmirəm. Gecənin bir hissəsini istirahət edirəm, yatıram. öz ailə işlərimlə məşğul olaraq onlara da vaxt ayırıram. Hər gün oruc tutmuram. Bə᾽zi günləri oruc tutur, bə᾽zi günləri isə yemək yeyirəm. Həmin dəstə və onların yolu ilə gedənlər mənim sünnəmdən xaricdirlər.»

Peyğəmbər, islami dəyərlərdən birinin inkişaf etdirilərək digər dəyərlərin unudulmasını, yə᾽ni cəmiyyətin yalnız bir tərəfə meyl göstərməsini müşahidə etdikdə onunla mübarizə aparır.

Əmr ibni Asın Məhəmməd və Abdullah adlı iki oğlu olub. Məhəmməd, atası kimi dünyapərəst, Abdullah isə nisbətən nəcib adam olub. Əmr, həmişə oğlanları ilə məsləhətləşəndə Abdullah atasını Əli (ə)-a tərəf də᾽vət edirmiş. Məhəmməd isə atasına belə deyərmiş. Əlidən xeyir görməyəcəksən, Müaviyənin yanına get. Bir dəfə Peyğəmbər Abdullahı görəndə ona belə deyib: Mənə xəbər veriblər ki, gecələr sübhə kimi ibadət edir və gündüzlər oruc tutursan. Abdullah deyib: Bəli, ey Allahın peyğəmbəri! Peyğəmbər (s) söhbətinin davamında ona belə buyurub: Amma mən elə etmirəm və bu cür etməyi düz də saymıram. Bu düz iş deyil, onu tərk et. Bə᾽zən cəmiyyət zahidliyə doğru çəkilir. Zahidlik və pərhizkarlıq mühüm həqiqətlərdəndir, inkaredilməz gerçəklikdir.

O, mühüm tə᾽sir və faydalara malik dəyərlərdəndir. Bu dəyərə malik olmayan cəmiyyətin islam cəmiyyəti adlandırılması və ya səadət və xoşbəxtlik görməsi qeyri-mümkündür. Amma bə᾽zən, bu dəyərin cəmiyyəti özünə tərəf çəkdiyini, orada zahidlikdən başqa bütün dəyərlərin məhv olaraq aradan getdiyini müşahidə edirik.

 

  1. XALQA XİDMƏT

 

İslam dininin təsdiq edərək yüksək qiymətləndirdiyi qəti və inkaredilməz insani dəyərlərdən biri də xalqa və Allah bəndələrinə xidmət etməkdir. İslam peyğəmbəri bu məsələyə çox tə᾽kid edib. Qur᾽ani-kərim həmkarlıq, başqalarına kömək etmək və insanların bir-birlərinə xidmət etmələri barəsində belə buyurur:

«Yaxşı əməl heç də [ibadət vaxtı] üzünüzü gün çıxana və gün batana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba [Allahın nazil etdiyi bütün kitablara] və peyğəmbərlərə inanan, Allaha məhəbbəti yolunda [və ya mal-dövləti çox sevməsinə baxmayaraq] malını [kasıb] qohum-əqrəbaya, yetimlərə, yoxsullara, [pulu qurtarıb yolda qalan] müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb, zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda çətinlikdə [ehtiyac, yaxud xəstəlik üz verdikdə] və cihad zamanı [məşəqqətlərə] səbr edənlərdir...» (Bəqərə-177).

 

Amma bə᾽zi vaxtlarda görürsən ki, Sə᾽di kimi bir şəxs özünün əməldə belə olmasına baxmayaraq, şe᾽r xatirinə belə deyir: «İbadət xalqa xidmətdən başqa bir şey deyil.»

(Əlbəttə Sə᾽dinin bu şe᾽ri barəsində on birinci fəsildə izahlar veriləcək). Bə᾽ziləri ibadətin yalnız və yalnız xalqa xidmət olmasını deməklə, ibadətin dəyərini inkar etmək istəyirlər. Onlar bu sözləri ilə islamda insan üçün nəzərdə tutulmuş zahidlik, elm, cihad və bu kimi ali və böyük dəyərlərin hamısını inkar etməyə çalışırlar. Onlar deyirlər ki, insanlıq yalnız Allah bəndələrinə xidmət etmək deməkdir. Xüsusilə müasir ziyalıların bə᾽ziləri çox-çox ali məntiq əldə etiklərini güman edir və öz fikirləri ilə ali məntiq olan həmin işin adını insanlıq və insanpərvərlik qoyurlar. İnsanpərvərlik nədir?

Onlar bu sualın cavabında deyirlər ki, insanpərvərlik xalqa xidmət etməkdir və biz Allahın yaratdığı bəndələrə xidmət edirik. Bizim onlara sözümüz budur: Əlbəttə, Allah bəndələrinə xidmət etmək lazımdır, amma həmin xalq nə olmaq istəyir? Əgər Allah bəndələrinin qarınlarını doyuzduraraq, əyinlərinə paltar geyindirsək onlar üçün ibtidai işləri, yə᾽ni heyvanlara lazım olan işləri görmüş oluruq. Əgər biz onlara yüksək qiymət verməsək və ümumiyyətlə, bütün dəyərləri xalqa xidmətdə məhdudlaşdırsaq və həmçinin nə bizdə və nə də başqalarında digər dəyərlər olmasa, Allah bəndələri bir dəstə at və qoyun misalında olarlar. Biz, bu işimizlə bir dəstə heyvanın qarnını doyuzdurub, əyninə paltar geyindirmiş oluruq. Əlbəttə insanın, heyvanları doyuzdurması da bir işdir. Amma məsələ burasındadır ki, görəsən insanın ən yüksək

dərəcəsi heyvanlıq dərəcəsində qalmaq və «mən»im xidmətimin ən yüksək dərəcəsi özüm kimi heyvanlara xidmət etmək və onların xidmətlərinin də ən yüksək həddi özləri kimi heyvan olan «mən»ə xidmət etmələridir?! Xeyir, insane xidmət etmək, çox böyük və yüksək dəyərdir, amma insanın insan olması şərti ilə! Həmişə demişik ki, Lumumba da insandır, Musa da. Əgər məsələ xalqa xidmətdirsə, onların hər ikisi xalqın nümayəndələridir, bəs nə üçün onların arasında fərq qoyursunuz? Əgər məsələ xalqa xidmətdirsə, Müaviyə ilə Əbuzər arasında nə fərq var? Onların ikisinə də xidmət etmək lazım deyilmi?!

Deməli, insanlığın yalnız xalqa xidmət kimi qiymətləndirilməsi və onun, bundan başqa heç bir dəyərə malik olmamasını iddia etmək də ifrata varmaqdır.

 

  1. AZADLIQ

 

Azadlıq ən böyük və ali insani dəyərlərdən biridir. Başqa sözlə desək, azadlıq insan mə᾽nəviyyətinin, yə᾽ni onunheyvanlıqdan üstün olan cəhətlərinin bir hissəsidir. Azadlıq insan üçün maddi dəyərlərdən də əhəmiyyətlidir. İnsanlıqdəyərlərini azacıq da olsa dadanlar, ən çətin şəraitdə aclıq və susuzluqla yaşamağı kiminsə əlində əsir vəziyyətində yaşamaqdan üstün tuturlar. Onlar, kiminsə hökmranlığı altında deyil, azad yaşamaq istəyirlər.

Bildiyiniz kimi, Əbu Əli İbni Sina təəssüflər olsun ki, bir müddət vəzir işləyib. Ona görə təəssüflər olsun deyirəm ki, o, vəzir işlədiyi üçün elmi işlərlə lazımınca məşğul ola bilməyib və şübhə yoxdur ki, vəzirlik etməsəydi, malik olduğu misilsiz iste᾽dadı ilə bəşəriyyət üçün gördüyü böyük işlərdən daha böyük və əzəmətli işlər görərdi. Molla Sədra kimi şəxsiyyətlər həmişə İbni Sinanın həmin işlərlə məşğul olmasından təəssüfləniblər.

«Alimlərin məktubu» kitabında İbni Sinanın həyatının həmin dövrü barəsində çox maraqlı bir hekayət nəql edilib: «İbni Sina, bir gün onu müşayət edən təmtəraqlı bir dəstə ilə gedirmiş. Gözü, çirkli işlə məşğul ola-ola dilində bulətif şe᾽ri zümzümə edən bir süpürgəçiyə sataşır:

Gerami daştəm ey nəfs əz anətKi asan be qozərəd bərdel cəhanət.

Yə᾽ni: «Ey nəfs, dünya sənə asan keçməsi üçün səni əziz tutdum.»

İbni Sina şe᾽ri eşidib təbəssüm etdi. Gülər üzlə həmin şəxsə kinayə ilə belə dedi: Tə᾽zim və ehtiram həddi sənin şərafətli nəfsə etdiyindir?! Onun qədir-qiyməti, quyu dibində zibil təmizləmək zillətinə düçar etməyin, izzət və şə᾽ni bu xar işə giriftar etməyindir?! Misilsiz ömrünü bu alçaq işdə puç edirsən və bu çirkin işi nəfsinə iftixar sayırsan? Həmin şəxs işdən əl çəkərək ona üz tutub belə dedi: «Himmət aləmində alçaq və hörmətsiz işlə çörək yemək rəis minnətiçəkməkdən daha yaxşıdır». İbni Sinanı tər basdı və sür᾽ətlə oradan uzaqlaşdı.

İbni Sina həmin şəxsin məntiqinin cavabsız bir gerçəklik olduğunu dərk etmişdi. Heyvani və dünyəvi məntiqdə, insanın toyuq qızartması, plov, at, kəniz, qul və əyyan-əşrafı buraxıb süpürkəçilik etməsi və sonra azadlıqdan dəm vurması mə᾽nasızdır. Azadlıq nədir? O, hiss və duyğu orqanları ilə dərk edilən şeydirmi? Xeyir, duyğu ilə hiss edilən maddi şey deyil, amma ali insan vicdanı üçün azadlıq o qədər qiymətlidir ki, tualet quyusu təmizləməyi asılılıq və əsirlikdən üstün tutur.

Azadlıq, doğrudan da böyük dəyərdir. İnsan bə᾽zən bir cəmiyyətdə bu dəyərin tamamilə unudulduğunu, bə᾽zən də oyandığını görür. Bə᾽ziləri bəşəriyyət sözünün mə᾽nasını azadlıq kimi izah edərək, azadlıqdan başqa heç bir dəyərin olmamasını iddia edirlər. Onlar bütün digər dəyərləri azadlıqda məhv etmək istəyirlər. Amma yaddan çıxarmaq olmaz ki, azadlıq yeganə dəyər deyildir, ədalət, hikmət, irfan və digər şeylər də inkaredilməz dəyərlərdir.

 

4. EŞQ

 

Bə᾽zən də irfan, sufilik və irfani qəzəllərdəki eşq yeganə insani dəyər hesab edilir.

 

Cilveyi kərd roxəş did mələk eşq nədaşt

 

Yaxud:

 

Fereşte eşq nədanəd ke çist, qisse məxan

Bexah camo qolabi bexake adəm riz.

 

Mələk bilməz eşqin mə᾽nasını, durma diz çök,

Al ələ piyaləni, gülabı adəmin üstünə tök.

 

Sonra digər bütün dəyərlər, hətta əql unudulur. Eşqin dəyərliliyinə daha çox meyl göstərən ariflər əql ilə müxalifdir və onunla rəsmi surətdə mübarizə aparırlar. Hafiz belə deyir:

 

Sufi əz pərtovi mey razi nəhani danest

Qohəre hər kəs əz in lə᾽l təvani danest.

 

Onun, bu şe᾽rdən məqsədi odur ki, yalnız və yalnız arif insan, eşq miniyi ilə həqiqi irfana (Allahın dərk edilməsinə) çata bilər. O, sonrakı beytlərdə belə deyir:

 

Ey ki əz dəftəri əql ayəti eşq amuzi

Tərsəm in nökte be təhqiq nədani danest.

 

O, bu beytdə «İşarələr» kitabının sonunda eşqdən söz açmış İbni Sinaya xitab edib. Deməli, bunların fikrincə insan və insanlıq eşqdən ibarətdir və əql tamamilə məhkumdur.

 

Bə᾽zən də əql və təfəkkürün yeganə dəyər sayılmasının şahidi oluruq. İnsan bunlara baxdıqda hamısını xəyal və təsəvvür hesab edir. İbni Sina bə᾽zən söhbətlərində belə deyib: «Bu sözlər sufilərin xəyali söhbətlərinə bənzəyir, əql ilə irəliləmək lazımdır.»

Əql, eşq, məhəbbət, ədalət, xidmət, ibadət, azadlıq və bu kimi digər şeylər bəşərdə olan müxtəlif dəyərlərdir. İndi görəsən hansı insan kamil insandır: Sırf ibadətlə məşğul olan, yoxsa azad insan? Yaxud sırf aşiq və ya sırf əqlə meyl göstərən? Xeyir, bunlar heç biri kamil insan deyil! Bu dəyərlərin hamısını ən yüksək və ali həddə bir-biri ilə mütənasib

surətdə özündə inkişaf etdirən şəxs kamil insandır. Əli (ə) belə bir insan olub.

 

NƏHCÜL-BƏLAĞƏ KAMİLLİK KİTABIDIR

 

Nəhclü-bəlağə, Seyyid Rəzinin həzrət Əli (ə)-ın sözlərinin bir hissəsini toplayaraq bir məcmuə və toplum şəklinə saldığı kitabın adıdır. Seyyid Rəzi ədəbiyyatçı olduğu üçün Nəhcül-bəlağə ilə birtərəfli əlaqə yaradıb, yə᾽ni həzrət Əli (ə)-ın yalnız ədəbi baxımdan gözəlliyin zirvəsində olan sözlərini toplayıb. Hal-hazırki Nəhcül-bəlağədə təqribən 229 xütbə var, halbuki Seyyid Rəzidən yüz il qabaq yaşamış Məs᾽udi özünün «Mürucuz-zəhəb» kitabında yazır: «İndi camaatın əlində Əlinin təqribən 480 xütbəsi mövcuddur.» Bütün bu tarixi dəlil və sənədləri görən bə᾽zi şəxslər «Nəhcülbəlağə »nin Seyyid Rəzidən sonra meydana çıxdığını necə iddia edirlər?! Deməli, Əli (ə)-ın xütbələri mövcud «Nəhcülbəlağə

»dəkindən daha çox olub və Seyyid Rəzi onların hamısını toplamayıb.

Amma bütün bununla belə, «Nəhcül-bəlağə» necə kitabdır? Bu kitabda müxtəlif ünsürlər vardır. Adam «Nəhcülbəlağə »ni oxuyanda bə᾽zən İbni Sinanın, bə᾽zən Mövlana Cəlaləddin Rumi və ya Mühyiddin Ərəbinin, bə᾽zən Firdosi kimi qəhrəmanlıq şairinin, yaxud azadlıqdan başqa heç nə başa düşməyən şəxsin, bə᾽zən isə guşənişin və yalqız abid, zahid və ya rahibin danışdığını fikirləşir. Biz, Əli (ə)-da bütün insani dəyərlərin cəmləşdiyini görürük, çünki söz, danışan şəxsin ruhi təcəllisidir. İndi siz Əlinin nə qədər böyük, özümüzün isə, nə qədər kiçik olduğumuzu təsəvvür edin!

Əlli il bundan əvvələ kimi bizim cəmiyyətin dini meyl və rəğbəti zahidlik və ibadət dəyəri istiqamətində idi. Buna görə də minbərə çıxıb xalqa moizə edən din xadimləri və ruhanilər «Nəhcül-bəlağə»nin hansı hissələrini oxuyurdular?

Həmin vaxtlar adətən bu kitabdan yalnız iyirmiyə yaxın xütbə oxunurdu. özü də hansı xütbələr? Sırf zahidlik və axirət barəsindəki xütbələr! O zaman «Nəhcül-bəlağə»nin digər xütbələrindən xəbər yox idi və onlar bərəsində danışılmırdı.

Bunun səbəbi o idi ki, cəmiyyət onları həzm edə bilmirdi. Cəmiyyət müəyyən dəyərlərə üz tutmuşdu və buna görə də «Nəhcül-bəlağə»nin yalnız həmin barədəki xütbələri yayılmışdı. Bəlkə, həmin şərait yüz il də davam etsəydi, heç kəs həzrət Əli (ə)-ın Malik Əştərə yazdığı ictimai-siyasi göstərişlər xəzinəsi olan fərmanını oxumazdı. Niyə və nə üçün?

Çünki cəmiyyətdə həmin əhval-ruhiyyə yox idi. Məsələn, həzrət Əli (ə)-ın belə bir sözü var:

 

«Peyğəmbərdən dəfələrlə eşitdim ki, belə buyurur: zəif təbəqələri güclülər qarşısında dayanaraq dili dolaşmadan öz haqqını tələb etmək mərhələsinə çatmayan heç bir ümmət, müqəddəsləşməz.»

 

Əlli il bundan qabaqkı cəmiyyət bir və ya iki dəyərə meyl göstərərək həmin istiqamətdə addımladığı üçün bu sözün qiymət və dəyərini dərk edə bilmirdi. Amma Əlinin sözlərində bütün insani dəyərlər mövcuddur və həmin dəyərlər onun həyat tarixi və şəxsiyyətində də mövcud olub.

 

ƏLİ (Ə)-IN XÜSUSİYYƏTLƏRİ

 

Bizim Əli (ə)-ı özümüzə örnək və imam seçməyimiz bütün insani dəyərləri mütənasib və bərabər şəkildə özündə inkişaf etdirmiş kamil bir insanı özümüz üçün rəhbər seçməyimiz deməkdir.

Axşamlar, gecənin sakit qaranlıqlarında heç bir arif Əliyə çata bilməz. İnsan müəyyən bir məsələdə coşduğu kimi, Əli də haqqa doğru cəzb edilərək çəkilir və Allaha doğru seyrdə təlatümə gəlir. Döyüş meydanında, bədəninin yaralanmasına və hətta bə᾽zən bədənindən bir parça ətin qopmasına baxmayaraq, diqqətini mübarizə nöqtəsində cəmləyərək heç bir şeyə əhəmiyyət vermir. İbadətdə elə qərq olur və ilahi eşq, vücudunda elə şö᾽lələnir ki, sanki bu dünyada deyil. O,

bə᾽zilərini belə vəsf edir: «Onlar xalqla olmalarına baxmayaraq, ruhları çox ali məqamlara bağlıdır».

İbadət edəndə bədəninə batmış oxu dartıb çıxarırlar, amma diqqəti haqq və ibadətə elə cəzb olur ki, heç nə hiss etmir. İbadət mehrabında elə ağlayır və elə sızlayır ki, misli görünməyib.

Gündüz olanda isə elə olur ki, sanki həmin adam deyil. Səhabələri ilə oturanda çox təbəssümlü və gülərüz olur.

Gülərüzlülük Əlinin mühüm sifətlərindən olub. Onun olduğu məclislər o qədər xoş və o qədər incə zarafatlı olub ki, Əmr As Əli (ə) əleyhinə təbliğat apararaq belə deyirmiş: O, xəlifəliyə yaramaz, çünki çox gülərüzdür. Gülərüz adamdan xəlifə olmaz! Xəlifə qaşqabaqlı və qaraqabaq adam olmalıdır ki, camaat ondan qorxsun.

Əli (ə) bu barədə «Nəhcül-bəlağə»də belə deyir: «Nabiqənin oğluna təəccüb edirəm ki, mənim camaatla çox səmimi olmağıma, gülərüz və zarafatcıllığıma irad tutur.»

Müharibə və döyüş meydanında düşmənlə mücahid kimi üzləşdikdə də gülərüz olub. Əlinin bu xüsusiyyəti barəsində belə deyiblər:

«O, ibadət mehrabında çox ağlayan, döyüş meydanında isə çox gülən və şaddır.»

 

«Bəkka» çox ağlayan, «Zəhhak» isə çox gülən mə᾽nasındadır. Əli (ə) necə mövcud olub? O, Qur᾽anın istədiyi insan olub. Qur᾽an, belə bir insan istəyir.

«Şübhəsiz ki, gecə [namaz qılmaq üçün yataqdan] qalxmaq [çox çətin olsa da] daha əlverişli və [o zaman] söz demək [Qur᾽an oxumaq, dua etmək] daha münasibdir.

Çünki gündüz [ya Peyğəmbər!] sənin uzun-uzadı davam edən [dünyəvi] işlərin vardır...» (Muzzəmmil 6-7).

 

Gecəni ibadət, gündüzü isə şəxsi məişət işləri və ictimai məsələlərlə məşğul olmaq üçün nəzərdə tut. Əli (ə) sanki gecə bir şəxsiyyət, gündüz isə digər bir şəxsiyyət olub.

Hafiz təfsirçi olduğu və Qur᾽anın mə᾽nalarını yaxşı dərk etdiyi üçün gecənin ibadət, gündüzün isə həyati məsələlərlə məşğul olmaq vaxtı olmasını özünün rəmzi dili ilə şe᾽rlərində qeyd edib.

 

Ruz dər kəsbe honər kuş ke mey xurdəni ruz

Del çun ayine dər zənge zəllam əndazəd.

On zəman vəqte mey sobhe fruğəst ke şəb

Gərde xərqah ufuq pərde şam əndazəd.

 

Əli (ə)-ın gecə və gündüzü belə olub. Bizim kamil insan barəsində işlətdiyimiz ziddiyyətlər toplumu ifadəsi Əli (ə)-ın min il bundan qabaq tanındığı sifətlərdəndir. Hətta Seyyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində belə deyir: «Həmişə, dostlarımla söhbət zamanı irəli sürərək onları təəccübləndirdiyim mövzulardan biri Əli (ə)-ın sözlərinin çoxcəhətli olmasıdır. Əli (ə)-ın sözləri elə bir xüsusiyyətə malikdir ki, insan onun sözlərinin hansı hissəsinə daxil olursa, yeni bir dünyaya daxil olduğunu görür.

O, bə᾽zən abidlər, bə᾽zən zahidlər, bə᾽zən filosoflar, bə᾽zən ariflər, bə᾽zən əsgər və zabitlər, bə᾽zən adil hökmdarlar, bə᾽zən qazilər, bə᾽zən də fitva verən alimlər dünyasındadır. Əli (ə) bütün dünyalarda var və heç bir dünyada qaib deyildir.

Səkkizinci hicri əsrində yaşamış Səfiyyuddin Hilli həzrət Əli (ə) barəsində belə deyib:

Cumiət fisifatikəl əzdad

Fəlihaza əzzət ləkəl əndad

 

Yə᾽ni: «Ziddiyyətlər səndə bir yerdə toplanaraq cəmlənib.

 

Zahidun hakimun həlimun şüca᾽

Nasikun fatikun fəqirun cəvad.

 

Həm həlimlik və yumşaqlığın son həddində, həm şücaətin son dərəcəsindədir. Lazım olan yerdə sənin çirkin qanları tökməyin də, qan tökməyin son dərəcəsindədir. Digər tərəfdən, ibadətin son dərəcəsinə çatmış bir abidsən. Həm yoxsul və həm də səxavətlisən! Heç nəyin yoxdur, amma bağışlayırsan. Heç nəyin yoxdur və əlinə gələni bölüşdürürsən.

Bə᾽zi yerlərdə rəftar və davranışın o qədər lətif və mülayimdir ki, meh bu əxlaqın lətifliyindən xəcalət çəkir. Həmçinin ruhunda o qədər şücaət və mücahidlik vardır ki, daş, filiz və cansız əşyalar onun müqabilində əriyirlər. Sənin ruhun o lətafətli mehdir, yoxsa bu qüdrət və möhkəmliyin? Sən necə varlıqsan?!

Deməli, kamil insan bütün insani dəyərlərdə qəhrəman olan şəxsdir. Kamil insan insanlığın bütün meydanlarında qəhrəmandır!

Biz, nə dərsi öyrənməliyik? Biz, bir dəyərdən yapışaraq digər dəyərləri unutmaq xəstəliyinə tutulmamaq dərsini öyrənməliyik. Biz bütün dəyərlərdə qəhrəman ola bilmərik. Amma imkan daxilində mümkün olan qədər bütün dəyərləri bərabər şəkildə əldə etməyə çalışmalıyıq. Tam kamil insan olmasaq da, orta və mütənasib insan olmalıyıq. Belə olan

surətdə, biz bütün meydanlarda həqiqi müsəlman kimi görünə bilərik. Deməli, kamil insanın mə᾽nası və onun ən bariz nümunəsi budur və biz də belə olmalıyıq. İnşallah gələcək söhbətlərimizdə bu mövzunu bir daha davam etdirəcəyik.

 

ƏLİ (Ə)-IN HƏYATININ SON GÜNLƏRİ

 

Əli (ə)-ın ömrünün son Ramazan ayı başqa və səfalı bir Ramazan olub. Bu ay Əli (ə)-ın ailəsi üçün çox sıxıntlı və iztirablı keçib. Çünki Əlinin bu aydakı rəftarı bütün digər ramazanlarla fərq edib. Mən indi Əli (ə)-ın qəhrəmanlıq xislətlərinin digər birinə toxunmaq istəyirəm ki, «Nəhcül-bəlağə»də də yazılıb. Əli (ə) buyurur: Allah-taala «İnsanlar

yalnız: iman gətirdik – demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar» – ayəsini nazil etdikdə, peyğəmbərdən sonra ümmətin böyük fitnələrə düçar olacaqları və böyük imtahanlara çəkiləcəyini başa düşdüm. Amma bununla belə peyğəmbərdən soruşdum: Ey Allahın peyğəmbəri, ayədəki fitnədən (imtahandan) məqsəd nədir? Peyğəmbər belə buyurdu: «Ey Əli, mənim ümmətim məndən sonra imtahan olunaraq sınanacaqdır.» Əli (ə), peyğəmbər vəfat etdikdən sonra fitnə, imtahan və sınaqların baş verəcəyini eşitdikdə keçmişdə baş vermiş bir hadisəni xatırlayaraq belə dedi: «Ey Allahın Peyğəmbəri! Ühüd döyüşündə Həmzə ibni Əbdülmüttəlib başda olmaqla

müsəlmanlardan 70 nəfəri şəhid olanda və mən şəhid olmaq feyzindən məhrum olanda çox narahat olmuşdum. Mən sizdən bu ne᾽mətdən məhrum olmağımın səbəbini soruşdum. Siz mənə həmin vaxt belə dediniz: Burada şəhid olmasan da, başqa vaxt, Allah yolunda şəhid olacaqsan. Bu həqiqətən belə olacaqdır, amma sən şəhid olmağa necə səbr edəcəksən?

Mən peyğəmbərə belə dedim: Ey Allahın peyğəmbəri, necə səbr edəcəksən yox, necə şükr edəcəksən buyur, ora səbr yeri deyil, şükr yeridir!»

Peyğəmbərin verdiyi xəbərlər və Əli (ə)-ın bildiyi əlamətlər və bə᾽zi vaxtlar işlətdiyi ifadələr nəticəsində onun ailə və yaxın səhabələri arasında narahatçılıq və iztirab yaranmışdı. O, çox təəccüblü sözlər danışırdı. Əli (ə) həmin Ramazanda övladlarının evində iftar edirdi. Hər axşam onların birinin evində qonaq olurdu. Bir gecə imam Həsən (ə), bir gecə imam Hüseyn (ə) və bir gecə də qızı Zeynəb (s)-ın qonağı olurdu, amma həmişəkindən az yemək yeyirdi.

Uşaqların, atalarına canları yanır və həqiqətən riqqətə gəlirdilər. Bə᾽zən deyirdilər: Atacan, niyə bu qədər az yemək yeyirsən? Həzrət Əli (ə) onların cavabında belə buyururdu: Allahla ac qarınla görüşmək istəyirəm. övladları onun nəyinsə intizarını çəkdiyini başa düşürdülər. Bə᾽zən göyə baxıb belə deyərdi: Mənə xəbər verən sevimli peyğəmbərim düz deyib, onun sözü yalan deyil, yaxındır, yaxındır. Ramazanın on üçüncü günü həmişəkindən daha çox narahatlıq

yaradan bir məsələni açıqladı. Deyəsən həmin gün cümə günü olub və Əli (ə) həmin məsələni açıqlayıb. Bə᾽zən imam Hüseyn (ə)-dan soruşardı: Oğlum, bu ayın qurtarmasına neçə gün qalıb? O cavab vermişdi: Atacan, 17 gün. Əli (ə) o zaman belə buyurmuşdu: Bəli, bu saqqalın bu başın qanına bulaşmasına az qalıb, saqqalımın boyanması yaxındır.

On doqquzuncu gün də çatdı. övladları gecə yarısına kimi Əli (ə)-ın yanında idilər. Gecə imam Həsən (ə) evinə getdi.

Əli də evində namaz üçün ayırdığı yerdə idi. Səhər açılmamış imam Həsən (ə) ya narahatçılıq və ya hər gecə belə olduğu üçün atasının namaz qıldığı yerə qayıtdı. Əli (ə) Zəhra (s)-dan olan övladları imam Həsən və imam Hüseyn (ə)-a xüsusi ehtiram göstərirdi və onlara hörmət göstərməyi Peyğəmbər (s) və Zəhraya hörmət hesab edirdi. Həzrət

Əli (ə) imam Hüseynə belə dedi: Oğlum, bir dəfə yuxuda peyğəmbər qarşımda canlandı. Peyğəmbəri görəndə ona dedim: Ey Allahın peyğəmbəri, mən sənin bu ümmətinin əlindən nələr çəkmədim!? Doğrudan da camaatın Əli (ə)-la düz gəlməməsi və onların Əlinin göstərdiyi yolla getməyə hazır olmamaları çox təəccüblüdür. Əli onların əlindən nələr çəkdi? Ayişə və bey᾽əti pozanlar bir tərəfdən, Müaviyə və onun hiylə və kələkləri digər tərəfdən!! Müaviyə dünyanın

dahi hiyləgərlərindən biri olub. O, Əli (ə)-ın qəlbinin, hansı işlərin görülməsindən qanla dolduğunu bilirdi və buna görə də məhz həmin işləri görürdü. Sonda da Xəvaric və quru müqəddəslər tam inam və əqidə ilə Əlini kafir və fasiq adlandırdılar. Siz onların Əliyə qarşı nələr etdiklərini bilirsiniz. Doğrudan da insan Əli (ə)-ın başına gələn müsibətləri görəndə heyrətlənərək dəhşətə gəlir. Dağ belə müsibətlərə dözə bilməz. Əli (ə) ürəyini kimə açmalı idi? Buna görə də peyğəmbəri yuxuda görəndə ona belə deyir: Ey Allahın peyğəmbəri, mən sənin bu ümmətinin əlindən nələr çəkmədim!? Bunlar mənə qarşı nələr etmədilər?! Mən bunlarla necə rəftar edim?

Həzrət Əli (ə) söhbətinin davamında imam Həsən (ə)-a belə deyir: Oğlum, cəddin mənə göstəriş verərək belə dedi: Əli, onlara nifrin et! Mən də yuxu aləmində onlara belə nifrin etdim: Allahım, tezliklə mənə ölüm ver, onlara isə layiq olduqları şəxsi hakim et!

Bu cümlə ilə o həzrətin necə sıxıntı və iztirab keçirməsi mə᾽lum olur. Əli (ə) evdən çölə çıxanda ördəklər səs-küy qaldırır, toyuqlar qaqqıldaşırlar. Amma çox çəkmir ki, orda insanların da növhə səsləri ucalır. övladları Əlinin qarşısını kəsib, belə deyirlər: Atacan, səni məscidə getməyə qoymayacağıq, gərək öz yerinə başqasını göndərəsən! Əli, əvvəl belə dedi: Bacım oğlu Cö᾽dət ibni Hübeyrəyə deyin gedib məsciddə camaat namazı qılsın. Amma dərhal sözünü geri götürərək deyir ki, yox, özüm gedirəm. Dedilər: Onda icazə ver yanında bir adam getsin. Amma Əli (ə) cavab verir ki, xeyir, kiminsə müşayət etməsini istəmirəm.

Həmin axşam Əli (ə) üçün çox səfalı gecə idi. Təkcə Allah bilir ki, o həzrət həmin gecə nə həyacanlar keçirib!

Əlbəttə özü deyir ki, mən məsələnin sirrini kəşf etməyə çox sə᾽y göstərdim. Onun «Nəhcül-bəlağə»dəki sözlərindən belə mə᾽lum olur ki, Əli (ə) onu, böyük hadisələrin gözlədiyini ümumi və müxtəsər şəkildə bilirmiş. «Nəhcül-bəlağə»də deyir: Bu işin sirr və batinini bilməyə çox çalışdım, amma Allah onu aşkar etməyi əsirgədi.

Sübh azanını özü deyirdi. Səhərin açılmasına yaxın minarəyə çıxaraq «Allahu əkbər» nidasını ucaltdı. Azanı dedi və dan yeri ilə vidalaşaraq belə dedi: Ey sübh! Ey dan yeri! Ey günün erkən vaxtı! Əli bu dünyaya göz açandan elə bir gün olubmu ki, sənin dan yerin sökülsün və onun gözləri yuxuda olsun? Əlinin gözü bundan sonra həmişəlik olaraq yuxuya gedəcək. Minarədən aşağı düşəndə şe᾽r oxuyaraq özünü mö᾽min mücahid vəsf edir. Əhli-beytinin, yerlərindən hərəkət etmək icazəsi yox idi. Əli bu qışqırıq və səs-küyün arxasında növhəçiliyin olacağını demişdi. Həmişə olduğu kimi Zeynəb, Ummu Gülsüm və Əhli-beytin digər üzvləri oyaq idilər, amma axşam nə baş verəcəyindən çox narahat və nigaran! Birdən bir səs hamının diqqətini özünə cəlb etdi, hər yeri bürüdü: Allaha and olsun ki, hidayət və haqq yolun sütunu dağıdıldı, mö᾽min və təqvalıların ağası yox oldu, ən möhkəm ip qırıldı, Mustafanın əmisi oğlu öldürüldü, seçilmiş peyğəmbərin vəsisi qətlə yetirildi, Mürtəza Əli şəhid edildi, onu xəbislərin ən xəbisi qətlə yetirdi.

 

Teqlər