Azərbaycan millisi üçün növbəti antirekord
Azərbaycan yığması tarixində ikinci dəfə dünya çempionatının startında ardıcıl 3 məğlubiyyət alıb. Bu, Lüksemburqla səfər matçında gerçəkləşib.
SəhərAzəri-nin verdiyi məlumata görə,Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzan Azərbaycan Respublikası milli futbol komandası Lüksemburq təmsilçisi qarşısında da aciz qalıb. Canni de Byazinin yetirmələri bu dəfə də 1:2 hesabı ilə məğlub olub.
İlk üç qarşılaşmada xala həsrət qalan Azərbaycan millisi yalnız DÇ-2002-nin seçmə mərhələsinə belə başlamışdı. 2000-2001-ci illəri əhatə edən tsiklin əvvəlində Azərbaycan yığması məğlubiyyətləri sıralayıb. Düzdür, həmin vaxtla müqayisədə De Byazinin yetirmələri 2 qol vurmaqla öyünə bilər. Amma indiki yığma həmin vaxtın xalsızlıq antirekordunu təkrarlayıb.
Tarixində 7-ci dəfə mundialın seçmə mərhələsinə qatılan Azərbaycan Respublikası milli futbol komandası 5-ci dəfə startda qələbəyə həsrət qalıb. Lakin digər 4 tsikldən üçündə heç olmasa heç-heçə qeydə alınıb.