21 yanvar Xaqani Şirvani günü
21 yanvar İran təqviminə Xaqani Şirvanı günü olaraq daxil edilib.
İran İslam Respublikasının rəsmi təqviminə əlavələr edilib. Bu barədə İran İslam Respublikası prezidenti fərman imzalayıb.
İran prezidenti Seyid İbrahim Rəisinin fərmanı əsasında Yanvar ayının 21-i İranın rəsmi təqviminə Xaqani Şirvanini anım günü olaraq daxil edilib.
Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Xaqani Şirvani 1126-cı ildə Şirvanda anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri nəticəsində şair həbs edilir. Həbsdə olduğu dövrdə o "Həbsiyyə" şeirlərini yazır. Daha sonralar Xaqani Həcc ziyarətinə gedir, Rey və Bağdad şəhərlərinə səfər edir, təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani Şirvani Nizami Gəncəvi ilə eyni dövrdə yaşayıb və onların arasında ünsiyyət də olmuşdur.
Xaqaninin fars dilində yaratdığı zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətül-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətül-İraqeyn" poeması daxildir.
Müsəlman Şərqin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir.
Xaqani 1199-cu ildə Təbriz şəhərində vəfat etmişdir. Onun məzarı Təbrizin Şairlər qəbiristanlığında yerləşir.