İslam Peyğəmbəri və İmam Həsənin şəhadət münasibətilə başsağlığı veririk
Səfər ayının 28 əziz İslam Peyğəmbəri (s.ə)və İmam Həsənin (ə)-ın şəhadət günüdür.
Bu münasibətlə başda İmam
Zaman (ə.f) həzrətlərinə və bütün müsəlman dünyasına baş sağlığı verir
və Allahdan hər birimizə Məsumlarımızın (əleyhimus səlam) həyat yolunu
səbrlə davam etdirməyi arzu edirik.
Xatırladaq ki, eyni zamanda səfər ayının sonuncu günü həm də Həzrət İmam Rzanın (ə) şəhid olduğu gündür.
İslam Peyğənbərinin həyatına bir baxış (ixtisarla)
İslam Peyğəmbərinin uşaqlıq dövrü
İslam
Peyğəmbəri miladi tarixinin 570-ci ilində anadan olmuşdur. O Erkən
yaşlarında yetim qalmışdır: atası Abdullah uşaq anadan olmazdan əvvəl
vəfat etmiş, anası Aminə isə İslam Peyğəmbərinin altı yaşında olarkən
rehlət etmişdir. Bundan iki il sonra babası Əbdül Mütalib də vəfat
etmişdir. Anasının ölümündən sonra əziz İslam Peyğəmbərinə (səlləllahu
əleyhi və alih) babası baxırdı. Onun vəfatından sonra yetim qalmış uşağa
əmisi Əbu Talib qayğı göstərməyə başlamışdır. Həəzrəti Məhəmməd
(səlləllahu əleyhi və alih) onu məhəbbət və qayğı ilə saxlayan babasına
və əmisinə bütün ömrü boyu dərin minnətdarlıq hissi bəsləmişdir.
Gənclik dövrü
İslam
Peyğəmbəri (səlləllahu əleyhi və alih) 21 yaşı tamam olanda o, Məkkə
cəmiyyəti içərisində əmin (sədaqətli, etibarlı adam) kimi ad çıxarmışdı.
Əbu Talibin məsləhəti ilə həzrəti Məhəmməd (s.ə.s) Xüvəylid ibn Əsədin
varlı qızı, Xədicənin (səlamullahi əleyha) yanında pirkeşlik (ticarət
işlərini idarə edən şəxs) vəzifəsi alır.
Ailə həyatı
595-ci
ildə İslam Peyğəmbəri Xədicə (səlamullahi əleyha) ilə evlənmişdir.
Həmin vaxt Xədicə 27 yaşlı bakirə xanım idi. İslam Peyğəmbərin bütün
yaxın adamları arasında birinci olaraq həzrəti Xədicə (səlamullahi
əleyha) onun peyğəmbərliyinə inanıb iman gətirmiş və yeni din – İslam
dini uğrunda mübarizənin çox çətin başlanğıcında İslam Peyğəmbərinə
kömək etmək qüvvəsini və varidatını əsirgəməmişdir. İslam Peyğəmbəri
bunun müqabilində Xədicəyə (səlamullahi əleyha) böyük məhəbbət, dərin
minnətdarlıq və hörmət hissi bəsləmişdir. Xədicə (səlamullahi əleyha)
ilə ömür sürdüyü 25 il ərzində o, başqa heç bir qadınla evlənməmişdir.
Xədicənin
(səlamullahi əleyha) İslam Peyğəmbərindən iki oğlu və dörd qızı
doğulmuşdur. İki yaşında ölən böyük oğlunun adı Qasim idi. Qədim ərəb
adəti ilə bu hadisədən sonra İslam Peyğəmbəri hörmətlə Əbül-Qasim
(Qasimin atası) adlandırılmışdır. İkinci oğlu Abdulla da körpə yaşında
ikən ölmüş, İslam Peyğəmbərin Zeynəb, Ruqiyyə, Ümm Külsüm və həzrəti
Fatimə (səlamullahi əleyha) adlı dörd qızından isə yalnız sonuncusu
həzrəti Fatimə (səlamullahi əleyha) onun nəslini davam etdirmişdir.
İlk vəhy
40
yaşında ikən dini düşüncələr və axtarışlar onun həyatında getdikcə daha
çox yer tutmağa başlamışdı, o bəzən bütün asudə vaxtını bunlara sərf
edirdi. Hələ yeniyetməlik dövründə onun daxilində baş qaldıran ruhi
həyəcan misli görünməmiş dərəcədə şiddətlənmişdi, çox vaxt əsl sarsıntı
vəziyyətinə keçirdi. O getdikcə daha tez-tez vəcdə gəlir, gözünə
anlaşılmaz surətlər görünür və qulağına qeyb aləminin səsləri gəlirdi.
İslam Peyğəmbəri tez-tez Məkkə yaxınlığındakı Hirə mağarasına çəkilib
(xüsusən gecələr) öz dini düşüncələrinə qatılırdı. Belə məqamaların
birində İslam Peyğəmbəri insanlara həqiqi sözü – Allahın sözünü oxumağı
başlamaq haqqında ona əmr verən mələyi aydın gördü. Mələk ona Quran
ayələrini nazil edərək Allahın sözünü adamlara çatdırmağı əmr edir.
İslam
Peyğəmbərin birinci olaraq danışıqsız Allahın elçisi kimi tanıyan
həzrəti Xədicə (səlamullahi əleyha), öz əmisi oğlu həzrəti Əli (əleyhi
səlam) (Əbu Talibin oğlu) və oğulluğa götürdüyü Zeyd olmuşlar.
Məkkə və Hicrət
610-cu
ildən 620-ci ilədək dövrü əhatə edən onillik Məkkənin ənənəvi bütpərəst
cəmiyyəti ilə yeni təkallahlı dinin – İslam Peyğəmbərin fəal təbliğ
etməyə başladığı islam dininin tərəfdarları arasında ardı-arası
kəsilməyən çəkişmələrlə dolu olmuşdur. 620-ci ildə Xədicənin və bundan
bir qədər, yəni iki ay sonra Əbu Talibin vəfatı mübarizənin kəskinliyini
artırmışdı. Belə son dərəcə sədaqətli köməkçilərini itirən, öz qəbiləsi
tərəfindən demək olar tamamilə tərk edilən İslam Peyğəmbəri Məkkədən
təqribən yüz kilometr şərq tərəfdə yerləşən Taifdə kömək axtarıb tapmağa
çalışdı, lakin müvəffəqiyyətsizliyə uğradı.
Peyğəmbərə
kömək əslində gözləmədiyi yerdən Yəsribin Xəzrəc və Ovs qəbilələrindən
gəldi. Buna görə də o, Yəsribdə məskən salmağı qərara aldı.
Əvvəlcə
İslam Peyğəmbərin təliminin sədaqətli tərəfdarları (onun əshabələri)
ailələri ilə birlikdə Yəsribə kiçik qruplarla və qüreyşilərdən xəlvəti
olaraq köçdülər. Onlardan, yəni Yəsribə köçən ilk müsəlmanlardan
(mühacirlərdən) sonra isə İslam Peyğəmbəri özü də ailəsi və ən yaxın
adamları ilə birlikdə məşhur hicrət etdi. 622-ci il iyulun 26-da baş
verən həmin hadisə müsəlman erasının başlanğıc nöqtəsi, rəsmi müsəlman
təqviminin başlanğıcı oldu.
53 yaşlı Məhəmmədin (s.ə.s) köçdüyü şəhər sonradan Mədinə (Peyğəmbərin şəhəri) adlandırılacaq.
Hicrətdən sonra
Hicrətin
ikinci ili İslam Peyğəmbəri qibləni dəyişdirdi, namaz qılarkən üzü
Qüdsə tərəf deyil, Məkkədəki Kəbə məbədinə tərəf tutmağı əmr etdi. Bu
tədbir təkcə yəhudi mədinəlilərə qarşı getdikcə daha da şiddətlənən
mübarizənin nəticəsi deyildi: o, həm də İslam Peyğəmbərin ən mühüm
strateji məqsədini – bütün Qərbi Ərəbistanın baş dini mərkəzi olan
Məkkəni tabe etdirmək məqsədini ifadə edirdi. İslam Peyğəmbərin
məkkəlilərə qarşı təşkil etdiyi iqtisadi müharibə də həmin məqsədə
xidmət edirdi. 624-cü ildə bu zəmin üzərində Bədr kəhrizləri
yaxınlığında əsl hərbi çarpışma baş verdi və çarpışmada məkkəlilər
məğlubiyyətə uğradılar. Lakin onlar 625-ci ildə Uhud dağı yanında Mədinə
qoşununu məğlub etdilər, 626-cı ildə isə Məkkə müşrikləri müsəlmanlara
qəti zərbə endirməyə cəhd göstərdilər. Məkkəlilər bədəvi tayfaları və
Mədinədən sürgün edilib Xeybərdə sığınacaq tapmış yəhudilərlə ittifaq
bağlayıb Mədinə icmasına qarşı böyük yürüşə başladılar. İslam Peyğəmbəri
açıq çarpışmadan çəkinməyi, lakin Mədinəni uzunmüddətli müdafiəyə
hazırlamağı qərara aldı. Bu məqsədlə şəhərin ətrafında Salmani Farsi-nin
məşvərəti ilə xəndək qazdırtdı və oxatanlar bu xəndəkdə oturub düşməni
gözləməyə başladılar. Ərəbistan yarımadasında əvvəllər məlum olmayan,
məkkəlilərin başlıca qüvvəsini təşkil edən bədəvi süvarilərinin döyüş
imkanlarını ciddi surətdə məhdudlaşdıran bu yeni taktika məkkəliləri
çaşbaş saldı. Şəhərin bilavasitə hücumla alınması baş tutmadı. Çoxlu
yağış yağan və soyuq şimal küləkləri əsən sərt qış şəraitində şəhərin
mühasirəyə alınması uzun çəkdi və onu mühasirədə saxlayanlar üçün
əziyyətli oldu. Məkkəlilərin düşərgəsində didişmələr başlanmışdı.
Qətəfan qəbiləsinin dəstələri mühasirəçilərin cəbhəsini tərk etdilər.
Onların getməsi Mədinənin mühasirəsini perspektivsiz işə çevirdi və
mühasirə ləğv edildi.
630-cu
ildə Məkkə vuruşmasız İslam Peyğəmbərinə təslim oldu. İslam Peyğəmbəri
şəhərə zəfərlə daxil olsa da, əvvəllər məkkəlilərə verdiyi başlıca
vədləri yerinə yetirdi. Məkkə həqiqətən sürətlə yayılmaqda olan İslam
Dininin mərkəzinə çevrildi. Kəbə isə oradakı bütün çoxallahlılıq bütləri
dağıdıldıqdan sonra yeni dinin baş ziyarətgahına çevrildi,
Peyğəmbərin (s) həyatının son anları
İbn
Abbas yazır: "Peyğəmbər (s) çox xəstə idi və o Həzrət (s) bir neçə
dəqiqəliyinə bihuş olmuşdu. Bu zaman evin qapısı döyüldü. Həzrət Fatimə
(s.ə) qapının arxasından soruşdu ki, kimdir? Oradan səs gəlir ki, mən
qərib bir insanam və Peyğəmbərlə (s) işim var. İcazə versəniz, hüzuruna
gələrdim. Xanım cavab verir: "Allah səni bağışlasın. İndi Peyğəmbər (s)
çox xəstədir və kiminləsə görüşməyə halı yoxdur". Həmin adam gedir və
bir müddət keçəndən sonra yenə gəlir və qapını döyür. Deyir: "Qərib
insana icazə verirsinizmi Peyğəmbərlə (s) görüşsün?" Bu zaman Peyğəmbər
(s) onun səsini eşidir və qızına buyurur: "Fatimə can! O, cəmiyyətləri
dağıdan və ləzzətləri aradan aparandır. O, ölüm mələyi Əzraildir (ə).
Allaha and olsun ki, məndən əvvəl heç kimdən icazə almamış və məndən
sonra da heç kimdən icazə almayacaq. Bu, Allahın sənin atana inayət
etdiyi dəyərli məqama görədir".
Həzrət
Fatimə (s.ə) Əzrailə (ə) girmək üçün icazə verir və o, mülayim meh kimi
evə daxil olur. Sonra deyir: "Salam olsun Peyğəmbərin (s)
Əhli-beytinə!" Bu zaman Peyğəmbər (s) Əliyə (ə) etdiyi vəsiyyəti
təkrarlayır".
/Nardaranpiri.com/