Siyasilər son atəşkəsi tənqid edir
Siyasilər son atəşkəsi tənqid edir
Aprelin 2-dən başlayan hərbi əməliyyatlar dayansa da bir sıra mövzular aydın oldu. Bunlardan ilk olaraq aydınlaşan məsələ bu idi ki, Azərbaycan güclü orduya sahibdir və torpaqları azad etməyə qüdrəti var. Artıq hökumət bundan sonra atılacaq diplomatik addımları da uğurla davam etdirməlidir. Bu addımlar da hərbi əməliyyatlar kimi uğur gətirib, beynəlxalq aləmdə haqq mövqeyin təsdiqi olmalıdır.
Müsavat partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Azərbaycan öz şərtlərini daha ciddi şəkildə ortaya qoymalıdır: “5 günlük müharibə gözəl bir fürsət idi. İndiki halda atəşkəs əldə etməyə ehtiyac yox idi. Azərbaycan ordusu son 24 il ərzində ilk dəfə idi ki, bu cür uğurlu əməliyyat keçirdirdi. Bu əməliyyatlar ən azı Dağlıq Qarabağ ətrafında işğal olunmuş əraizilərin azad olunmasına qədər davam etdirilməli idi. Amma təəssüflər olsun ki, əməliyyatlar dayandırıldı.
Nəyə əsasən bu əməliyyatların dayandırlması məlum deyil. Amma hesab edirəm indiki durumda əməliyyatlar davam etdirilməli idi. İndiki atəşkəs əldə edilib, bir addım belə geri çəkilmək olmaz. Ermənilərin iki gün ərzində istədikləri bu idi. Bu uğurlu əməliyyatlardan istifadə edib həm ATƏT-in həmsədrlərinin üzərinə, həm də Ermənistan üzərinə gedilməlidir. Artıq Azərbaycan ordusunun torpaqları azad etməyə çatacaq qədər gücü var. Bu baxımdan Azərbaycan öz şərtlərini daha ciddi şəkildə ortaya qoymalıdır. İlk olaraq 7 rayonun boşladılması məsələsi dərhal həllini tapmalıdır”.
“Ümid” partiyasının sədri İqbal Ağazadə Deyerler.org-la fikirlərini bölüşərkən qeyd edib ki, hökumətin Dağlıq Qarabağla bağlı ciddi addımlar atacağı inandırıcı görünmür: “Çünki, ciddi mövqe dəyişiklikləri olmayıb. Əlimizdə ciddi şəkildə işğaldan azad edilmiş ərazilər yoxdur. Mövqe davalarında isə adətən geniş mənada danışıqlar prosesinə təsir edə bilən heç bir şey olmur.
Bu baxımdan danışıqların müsbət tərəfə dəyişəcəyini, üstünlük əldə edəcəyimizə əmin deyiləm. Düşünürəm ki, 5 günlük müharibə dövründə bu qədər əhval ruhiyyənin, milli birliyin içərisində bütün gücünü səfərbər edib, heç olmasa işğal edilmiş rayonlardan birini azad etməli idi. Bu yeni bir müstəvi yaratmış olardı. Bu reallıq həm danışıqlarda, həm əhval ruhiyyədə öz müsbət təsirini göstərərdi. Amma nə edək, bu müharibədir və müharibənin də öz reallıqları var. Müharibədə itkilər də, məğlubiyyətlər də olur. Düşünürəm ki, prosesləri davam etmək lazımdır. Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi istiqamətində yeni yollar axtarılmalıdır”.