İyul 09, 2016 09:25 Asia/Baku
  • Zərdüşt Əlizadə
    Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə: “ABŞ və Rusiya Qarabağ münaqişəsində həmrəydirlər”

 

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. ABŞ prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın səylərini yüksək qiymətləndirib. Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair Barak Obamanı məlumatlandırıb. "Vladimir Putin vurğulayıb ki, Rusiya görüşü təşkil etməklə münaqişə zonasında vəziyyətin sabitləşməsi və sülh prosesində irəliləyişə nail olunması üçün şəraitin yaradılmasının vacibliyinə əsaslanıb. Barak Obama Rusiyanın səylərini yüksək qiymətləndirib”, - deyə məlumatda bildirilib. Ekspertlərin fikrincə bir çox məsələlərdə rəqib olan iki ölkə arasında Dağlıq Qarabağla bağlı bu qədər ortaq nöqtələrin olması maraq doğurur.

 

Politoloq Zərdüşt Əlizadə  qeyd edib ki, Dağlıq Qarabağla bağlı ABŞ və Rusiyanın ortaq nöqtəsi münaqişənin qalması, bölgədə nəzarətin əldən verilməməsidir: “ABŞ və Rusiya imperialist dövlətdir və kiçik xalqların bir-biri ilə vuruşmasını dəstəkləyir. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi bu iki ölkənin xarici siyasətlərindəki hədəflərinə tam olaraq uyğundur. Amma bununla yanaşı, bu iki ölkə arasında rəqabət də var. Məsələn Suriyada Rusiya və ABŞ həm əməkdaşlıq edirlər, həm ərəbləri bir-biri ilə vuruşdururlar, həm də həmin bölgəni kimin nəzarətində qalacağına dair rəqabət edirlər. Eyni ilə də Dağlıq Qarabağda Rusiya da, ABŞ da Ermənistanı tarixən müdafiə edib. Çünki, Ermənistan hökuməti bu regionda tam pozucu, dağıdıcı bir fəaliyyətlə məşğuldurlar. Bu da bu güc mərkzələrinin məqsədlərinə cavab verir. Əlbəttə ABŞ və Rusiya münaqişənin mövcudluğunda, qalmasında maraqlıdırlar və həmrəydirlər. Amma bu münaqişənin idarə edilməsində və münaqişədən xeyir götürülməyində ABŞ və Rusiya rəqibdirlər. Ümumi olaraq Dağlıq Qarabağla bağlı ABŞ və Rusiyanın ortaq nöqtəsi münaqişənin qalması, bölgədə nəzarətin əldən verilməməsidir. Amma ziddiyyət isə bu bölgəyə nəzarətin kimin əlində olması ilə bağlıdır”.

 

Deyerler.Org

Teqlər