“Qüds Günü müsəlmanların vəhdəti üçün olduqca əhəmiyyətlidir”
İyul 09, 2015 16:23 Asia/Baku
“Qüds Günü İslam ümmətinin birlik və həmrəylik günüdür. Əziz İslam Peyğəmbəri də özünün müqəddəs kəlamlarında buyurub ki, mənim ümmətimin misalı bir bədən kimidir. Əgər bədənin hər hansı bir üzvü ağrıyarsa, digər üzvlər də əziyyət çəkər. Məhz bu baxımdan Qüds Günündə müsəlmanların problemlərinin qabardılmasına ehtiyac vardır.”
Bu sözləri FaktXeber.com-a ilahiyyatçı alim Şahin Həsənli hər il Ramazan ayının sonuncu cümə günü Qüdsün və Fələstinin sionist rejim tərəfindən işğalına etiraz olaraq keçirilən Qüds Günü barədə fikirlərini bildirərkən söyləyib.Müsahibin sözlərinə görə, bütün müsəlman ümmətinin bir-birilərinin problemlərindən xəbər tutmaları olduqca zəruridir: “Bu günlər bütün İslam dünyasının problemləri qabardılmaqla yanaşı, Azərbaycan xalqının Qarabağ dərdinin dünyaya çatdırılması üçün də bir fürsətdir.”
Həmdərdliyin vəhdətin ifadəsi olduğunu söyləyən Şahin Həsənli, “əgər ümmət bir-birinin dərdinə yanaraq, onun probleminin həllinə çalışırsa, əslində bu vəhdətin möhkəmlənməsinə gətirib çıxarır. Bu cəhətdən Qüds Günü müsəlmanların vəhdəti üçün də olduqca əhəmiyyətlidir” , - deyə qeyd etdi:
“Mövcud zamanda müsəlmanların hər dövrdən daha çox birliyə və vəhdətə ehtiyacı var. Çünki İslam ümməti arasında məqsədyönlü şəkildə təfriqə salaraq, onu müxtəlif hissələrə ayırıblar. Nəticədə bununla da müsəlmanların gücü zəifləyir. Hətta bir çox ölkələrdə bəzi qərb dövlətləri tərəfindən sözügedən münaqişələr süni şəkildə qızışdırılır. Ona görə də Qüds Günü İslam ümmətinin bir araya gələrək, vahid mövqedə dayanması üçün əlverişli bir fürsətdir.